Bakıdakı “Müqəddəs Jen-Mironosits” Rus Pravoslav kafedral Kilsəsində “Qələbəyə görə Allaha təşəkkür messası” keçirilib. Ayində Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbədə şücaət göstərən əsgər və zabitlərimizin, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxunub.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein qeyd edib ki, Azərbaycan xalqı öz tarixinin ən mühüm qələbələrindən birini qazanıb, 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etməyə müvəffəq olub. Aleksandr İşein Bakı və Azərbaycan Yeparxiyası adından Prezident İlham Əliyevi  təbrik edib.

“Ölkəmizin tarixi qələbəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionun yenidən çiçəklənməsinə böyük stimul verəcək” deyən A.İşein bildirib ki, hərbi əməliyyatlar dövründə Azərbaycanda birlik, həmrəylik nümayiş edilib: “Qələbəmiz mübarək! Bu, tarixə Vətən müharibəsi kimi yazıldı. Ötən əsrin sonu, bu əsrin əvvəllərində Azərbaycan xalqı böyük itkilər verdi. Azərbaycan xalqı Qarabağı itirdi, Xocalı faciəsi yaşandı, yüzlərlə azərbaycanlı öz doğma ocağından didərgin düşdü. Biz baş verən hadisələri birinci Qarabağ müharibəsi kimi yaşadıq. Hesab edirəm ki, Azərbaycan dövlətinin qətiyyəti, əsgər və zabitlərimizin yüksək vətənpərvərliyi, igidliyi və yenilməzliyi nəticəsində işğala son qoyuldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Qarabağ öz doğma evinə qayıtdı. Biz bu gün böyük sevinclə hər çıxışımızda, hər cümləmizdə deyirik, “Qarabağ Azərbaycandır!” Bu, həqiqətən də belədir”.

Arxiyepiskop Azərbaycan xalqına bundan sonra da yalnız və yalnız qələbə dolu günlər yaşansın deyə dua etdiyini bildirib.