Noyabrın 18-də MDB iştirakçı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının videokonfrans formatında 35-ci iclası keçirilib.

İclasda MDB ölkələrinin mədəniyyət sahəsində əməkdaşlıq üzrə 2016-2020-ci illər üçün həyata keçirilmiş əsas tədbirlər və Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş tədbirlər planının icra vəziyyəti haqqında hesabatlar dinlənilib. 2021-2025-ci illər üçün mədəniyyət sahəsində həyata keçiriləcək əsas tədbirlər, MDB çərçivəsində elan olunmuş “Xalq yaradıcılığı və mədəni irs ili”nə (2022) həsr olunmuş tədbirlər planı layihəsinin hazırlanması və digər məsələlər müzakirə olunub.

Videokonfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini nazir müavini Sevda Məmmədəliyeva təmsil edib.

İclasda çıxış edən Sevda Məmmədəliyeva təqribən 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin, xüsusilə də  Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər Ordumuz tərəfindən azad edilməsi və bunun dünya mədəniyyəti üçün əhəmiyyəti barədə iştirakçıları ətraflı məlumatlandırıb. Diqqətə çatdırılıb ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə (822, 853, 874, 884) erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması tələb olunsa da, işğalçı Ermənistan bu müddət ərzində onlara məhəl qoymayıb və təcavüzkar siyasətini davam etdirib.

Qeyd olunub ki, maddi mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin işğalı nəticəsində bir sıra şəhərlər tamamilə məhv edilib, bütün mədəni mülkiyyət talan olunub, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılıb. Nazir müavini bildirib ki, azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planı hazırlanır. Tarixi abidələrin və mədəniyyət obyektlərinin vəziyyətinin ilkin monitorinqi başlanıb. Keçirilmiş ilkin monitorinq nəticəsində aşkar olunub ki, bütün mədəniyyət müəssisələri tamamilə dağıdılmış vəziyyətdədir və bütün bunlar Ermənistan tərəfi üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Məsələyə UNESCO və digər beynəlxalq təşkilatların qəbul etdiyi konvensiyalar çərçivəsində baxılması nəzərdə tutulur.

S.Məmmədəliyeva çıxışında həmçinin MDB ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr, görülən işlər və COVİD–19 pandemiyası dövründə fəaliyyətini onlayn qaydada davam etdirən mədəniyyət müəssisələri barədə məlumat verib.