Ermənistan silahlı qüvvələrinin hərbi cinayətlərini, müharibə üzündən təhsildən məhrum olan uşaqlarla bağlı beynəlxalq ictimaiyyəti və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın minillik tarixi irsini qəsdən məhv etməsi barədə UNESCO-dakı xarici həmkarlarımı məlumatlandırmaq istəyirəm.

Bu sözlər Azərbaycanın UNESCO yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayevin Fransanın “Mediapart” portalında dərc edilmiş məqalədə yer alıb.

“Azərbaycan və Ermənistan arasında atəşkəs. Azərbaycanda mülki və mədəni infrastruktura dəyən zərər və ziyanın həcmi” adlı məqalədə sentyabrın 27-dən noyabrın 9-dək davam edən müharibə zamanı Ermənistan silahlı qüvvələrinin qəsdən və sistematik şəkildə Azərbaycanın mülki əhalisini, habelə xəstəxanaları və məktəbləri hədəf aldığı göstərilib.

Qeyd edilib ki, bu müddətdə ümumilikdə 93 mülki şəxs öldürülüb, 407 mülki şəxs ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Tərtər uşaq musiqi məktəbinin müəllimi, Naftalan musiqi məktəbinin 13 və 14 yaşlı şagirdləri də daxil olmaqla 5 nəfərlik bir ailə münaqişənin mülki qurbanları arasındadır.

Bildirilib ki, erməni silahlı qüvvələri tarixi, mədəni irs abidələrini də hədəfə alıb. Füzuli rayonunda XIII əsrə aid Şeyx Baba Yaqub türbəsi, Gəncə şəhərində IX əsrə aid İmamzadə məscidi, XIX əsrdə tikilmiş Aleksandr Nevski kilsəsi raket və artilleriya zərbələri zamanı zərər görüb. Məqalədə erməni silahlı qüvvələri tərəfindən dağıdılmış milli mədəni irs abidələrinin şəkilləri təqdim olunub.