Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında noyabrın 22-də ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunub.

Səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdiyi vəhşiliklər, cinayət izləri ilə tanış etməkdir.

Diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqa rəsmi şəxslər müşayiət ediblər. Səfərdə 120-dən çox diplomat iştirak edib. 

Öncə heyət işğaldan azad olunmuş Füzuli şəhərinə səfər edib. Xarici diplomatlar və hərbi attaşeləri burada Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olub, 27 il ərzində törədilən vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər. Füzulidə bütün infrastruktur, evlər, tarixi-mədəni abidələr, hətta qəbiristanlıqlar da vəhşicəsinə dağıdılıb.

Sonra heyət rayonun işğaldan azad edilmiş Kürdlər kəndində olub. Diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə dağıdılmış kənd qəbiristanlığı göstərilib.

Prezidentin köməkçisi Hikmət Hacıyev və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildiriblər ki, 27 il ərzində işğal altında olmuş kəndin qəbiristanlığı buldozerlə dağıdılıb, yerində taxıl əkilib. H.Hacıyev bildirib ki, bu, Ermənistanın vandalizminin daha bir nümunəsidir.

Diplomatik korpusun nümayəndələri Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Əbdürrəhmanlı kəndində də olublar. İcra başçısı Alı Alıyev onlara Ermənistan işğalçı ordusunun bu kəndin ərazisində yerləşmiş hərbi hissəsinin ərazisini göstərib. Bildirib ki, buradan rayonun işğal altında olmayan ərazilərindəki mülki əhali daim atəşə tutulub, təsərrüfat işlərinin həyata keçirilməsinə imkan verilməyib. Ermənistan Silahlı Qüvvələrinin 27 il ərzində bu ərazidən mülki əhalini atəşə tutması nəticəsində çoxlu sayda ölənlər və yaralananlar olub.