Müasir dövrdə “Vikipediya” ən çox izlənilən onlayn ensiklopediyadır. “Vikipediya”nın ingilis dili bölməsində könüllülər tərəfindən İkinci Qarabağ müharibəsi, Ermənistan ordusunun müharibə cinayətləri haqqında məlumatlar yerləşdirilib.

Məqsəd Azərbaycan həqiqətlərini və erməni vandalizmini xarici oxucuların diqqətinə daha dəqiq və dolğun şəkildə çatdırmaqdır. Azərbaycan “Vikipediya” icmasının fəal üzvü Ayxan Zayıdzadə tərəfindən ingilis dili bölməsində bu mövzuda bir sıra məqalələr yaradılıb və əsaslı redaktə edilib.

Bu barədə “Vikipediya” üzrə mütəxəssis Elnur Eltürk məlumat verib. O bildirib ki, A.Zayıdzadə ingilis dilində İkinci Qarabağ müharibəsi haqqındakı məqaləyə əhəmiyyətli əlavələr edib, ermənilərin Kəlbəcər və Ağdamda törətdikləri ekoloji terror, həmçinin müharibə cinayətlərini ətraflı işıqlandırıb. Eyni zamanda İkinci Qarabağ müharibəsi zamanı Hadrut, Şuşa, Laçın və Araz çayı boyunca gedən döyüşlər haqqında, habelə Ermənistanın Bərdədə raket hücumu barədə məqalələr yaradıb.