“Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir. Ermənilər 1813-cü ildə Gülüstan və 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrindən sonra XIX əsrin əvvəllərində bu ərazilərdə yerləşdirilib”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu sözləri Fransanın “Le Point” jurnalına müsahibəsində deyib.

XİN-in Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, nazir müsahibəsində diqqətə çatdırıb ki, sovet dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlı və erməni əhalisi bir yerdə yaşayıb. Amma 1990-cı illərin əvvəllərində orada yaşayan azərbaycanlılar, Dağlıq Qarabağı əhatə edən 7 Azərbaycan bölgəsinin əhalisi Ermənistanın həyata keçirdiyi işğal nəticəsində etnik təmizləməyə məruz qalıblar. “Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın hər iki icması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilər”, – deyə Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, Azərbaycan Konstitusiyası etnik mənsubiyyətindən, dinindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşı bərabər hüquqlar ilə təmin edir və azadlıqlarını qoruyur: “Azərbaycan beynəlxalq birliyin məsul üzvüdür, bir çox beynəlxalq qurumların üzvüdür, əsas hüquqları, azadlıqları, mədəni və dini irsi qoruyan müqavilə və konvensiyalara riayət edir. Dağlıq Qarabağın gələcəyi onun iqtisadi, mədəni və insan resurslarının inkişafı ilə müəyyənləşdiriləcək. Prezidentimiz işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması üçün proqramın hazırlanacağını açıqladı. Azərbaycan sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmalarının birgə yaşayışını təmin etməyə hazırdır”.