F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkil etdiyi “Niyyəti gözəl, bu günü gözəl, sabahı parlaq Azərbaycanım” adlı onlayn esse müsabiqəsinə yekun vurulub.

Kitabxanadan bildirilib ki, respublikanın müxtəlif  bölgələrindən elektron poçt vasitəsilə müsabiqəyə  göndərilən yazılar uşaqların qəlbindən qopub gələn qürurverici hisslərin tərcümanıdır. Vətənpərvər məktəblilərin Azərbaycanın şanlı dünənindən, uğurlu bu günündən və aydın sabahından fəxrlə bəhs etdikləri esselər  I, II, III yer olaraq qiymətləndirilib.

Birinci yerə Göyçay şəhər Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Xanım Yusifli, ikinci yerə Bakı şəhər Nizami rayon Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbin VI sinif şagirdi Yusif Əlizadə, üçüncü yerə Şuşa şəhər 1 nömrəli tam orta məktəbin VI sinif şagirdi Nərmin Hüseynova layiq görülüblər.

Respublika Uşaq Kitabxanası tərəfindən qaliblərlə yanaşı, bütün iştirakçı uşaqlara, kitablar da hədiyyə ediləcək.