Təəssüratları sözlə ifadə etmək çox çətindir. Təsəvvür edin, 30 ildən sonra qoyub çıxdığımız möhtəşəm Ağdamdan əsər-əlamət yoxdur. Nəinki Ağdam şəhəri, həmçinin onun kəndləri tamamilə viran edilib, tanınmaz hala düşüb. Prezidentimizin söylədiyi kimi, buradan sanki vəhşi qəbilə keçib. Teatrın fasad hissəsi qalıb, məscid uçurulub...

Bu fikirləri Ağdamda olmuş xanəndə, Xalq artisti Mənsum İbrahimov deyib.

Xalq artisti bildirib ki, biz bir tərəfdən bu dağıntıları görüb ağlayır, digər tərəfdən yurdumuza qayıtdığımız üçün sevinirdik: “Mən mətbuatda söz vermişdim ki, Ağdama ayaq basdığım an torpağı öpəcəm və məsciddə azan verəcəm. Heç vaxt azan verməmişəm, xanəndəlik etmişəm, amma Allahıma yaxın olmaq üçün bu niyyəti ürəyimdə tutmuşdum. Əməkdar artist Təyyar Bayramovla məscidə daxil olanda içimdən sanki bir haray qopdu və mükəmməl tərzdə olmasa da azan verdim. Sonra biz yaxınlıqdakı Dram Teatrına üz tutduq. Bizim uşaqlığımız orada keçmişdi. Yadımdadır, həmin meydanda vaxtilə Xarı Bülbül festivalları təşkil olunub. İndi isə ora tank yuvaları salınmış bir xarabalıq, minalanmış ərazidir. Biz orada oxuduğumuz “Qarabağ” mahnısı ilə elə bil torpağa qayıdışımızı çatdırırdıq. Ora düşəndə heç nə tapa bilmədik. Nə park, nə məşhur o çay evi... təsvir etmək olmur. Bütün bunlara baxmayaraq, həmin yerləri abadlaşdıracağıq, Ağdamın əvvəlki şöhrətini ona qaytaracağıq. Bizim ona imkanımız da var, qüdrətli dövlətimiz də”.