Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları – elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva, dosent Sevinc Vahabova və tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədovanın məruzələri Tatarıstanın (Rusiya Federasiyası) Bulqar şəhərində keçirilmiş “Milli ilahiyyat məktəbinin yaranması və inkişafı kontekstində İslam araşdırmaları təcrübəsi” adlı beynəlxalq elmi-praktiki konfransın materialları toplusunda dərc edilib.

Muzeydən bildirilib ki, topluda N.Əliyevanın “Azərbaycanın elm və mədəniyyət xadimlərinin xilafətin mədəniyyət mərkəzlərində fəaliyyəti”, S.Vahabovanın “Türk xalqlarının silah istehsalı ənənələrinə islam mədəniyyətinin təsiri”, A.Məmmədovanın “Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda qorunan Cuçi sikkələrindən ibarət dəfinələr islamşünaslığın faktiki materialı kimi” adlı məruzələri yer alıb.