Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Ədəbi qonaq otağı” layihəsi çərçivəsində tanınmış rus şairi, yazıçı, publisist, tərcüməçi, rus poeziyasının “Gümüş dövrü”nün ən parlaq nümayəndələrindən biri Aleksandr Blokun (1880-1921) anadan olmasının 140 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib.

“Sənin mənə meh gətirən nəğmələrin sevginin ilk göz yaşları kimidir” adlı ədəbi-bədii gecədə Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova və universitetin tələbələri iştirak ediblər.

Arzu Məmmədova “Böyük rus şairi A.A.Blokun yaradıcılığının XXI əsrdə aktuallığı” adlı məruzə ilə çıxış edib.

BDU-nun Filologiya fakültəsinin tələbəsi Nigar Abdullayeva və Jurnalistika fakültəsinin tələbəsi Mariya Eyvazova şairin şeirlərini səsləndiriblər.

Tədbirin sonunda RİMM tərəfindən iştirakçılara rus yazıçı və şairlərinin kitabları hədiyyə edilib.