Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Prezidenti İlham Əliyevin 2020-ci il 11 avqust tarixli sərəncamına uyğun olaraq, ölkəmizin İspaniyadakı səfirliyinin təşəbbüsü ilə xüsusi poçt markaları hazırlanıb.

İspaniyanın Dövlət Poçt və Teleqraf Cəmiyyəti tərəfindən hazırlanan və üzərində Əhmədiyyə Cəbrayılovun təsviri əks olunan poçt markaları dövriyyəyə buraxılıb.

Qeyd edək ki, bundan əvvəl də ölkəmizin İspaniyadakı səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik, görkəmli dramaturq, nasir və publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileylərinə həsr olunmuş xüsusi poçt markaları çap etdirilib.