23 min dollar ver, Şimal qütbünü gəz

   Kosmosa turist aparan ruslar indi də Şimal qütbünə turlara başlayıb. Bundan sonra Şimal qütbünə 12 günlük səyahət turistlərə 23 min dollara başa gələcək.
   İlk turist qrupu rusların “Qələbənin 50 illiyi” adlı buzqıran gəmisində artıq Murmanskdan Şimal qütbünə yola düşüb. İlk turda yer alan 120 turistin böyük bölümünün amerikalı və avropalı olduğu bildirilir. Turistlər səfər boyu buz dağlarını (aysberqləri), Qütb heyvanlarını, insan ayağı dəyməyən torpaqları seyr edə biləcəklər.
   Hələlik Şimal qütbünə turist turu elə də geniş reklam olunmur. Amma ilk turist səyahəti başa çatdıqdan sonra rusiyalı varlı adamlar başda olmaqla, Şimal qütbünə səyahətə çıxmağa böyük maraq olacağı gözlənilir. Qeyd edək ki, Şimal qütbü alimlər istisna olmaqla, insan ayağı dəyməmiş yerdir. Bu ərazinin bəzi bölgələri dövlət tərəfindən qorunur.
   
   Fəxriyyə ABDULLAYEVA