Vətən müharibəsi zamanı Bakı Xoreoqrafiya Akademiyası da rəşadətli Azərbaycan Ordusuna  öz maddi və mənəvi dəstəyini əsirgəməyib. Ordumuzun şəxsi heyətinin sıralarında akademiyanın əməkdaşları və onların övladları da var. BXA-nın əməkdaşı, baş mühasib Şahid Əzimovun oğlu – Elmar Əzimli də  onlardan biridir.

Ukraynanın Xarkov Dövlət Mədəniyyət Akademiyasının məzunu, eyni zamanda peşəkar fotomüxbir, çəkdiyi fotolari milyonlarla  izləyicisi olan “Architecture & Design” jurnalının internet səhifələrində “With Love from Azerbaijan” başlığı ilə paylaşılan 26 yaşlı Elmar Əzimli bu günlərdə də xarici mətbuatın, xüsusilə Türkiyə mediasının diqqətini cəlb edib. Elmar Laçının işğaldan azad olunmasını sevinclə qeyd edən və böyük qürur hissi ilə qardaş Türkiyənin də bayrağını dalğalandıran qəhrəman əsgər kimi mətbuat səhifələrinə düşüb. Onun ən böyük arzularından biri isə Qarabağda fotomüxbir peşəsinə uyğun şah əsərini çəkməkdir.