Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Qarabağın musiqi xəzinəsi” layihəsinin növbəti buraxılışı Xalq artisti, ustad xanəndə Yaqub Məmmədova həsr olunub. Sənətkarın ömür yolu və ifaçılıq fəaliyyətindən söhbət açılıb.
Yaqub Məmmədov 1930-cu ilin mayın 5-də Ağcabədi rayonunda anadan olub. O, Qarabağ xanəndəlik məktəbinin XX əsrin ikinci yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsidir. Peşəkar musiqi təhsilini A.Zeynallı adına Musiqi Texnikumunda alıb. Görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənib, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanıb. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb edib. O, bütün muğam dəsgahlarını gözəl mənimsəməklə yanaşı, həm də Azərbaycan poeziyasının bilicisi idi.
Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib.Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov muğamda öz ənənələrini yaradan bir sənətkardır. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnib.
2002-ci ilin iyunun 5-də dünyadan köçən sənətkar “Qarabağ şikəstəsi"ni Cıdır düzündə oxuyacağam. Özü də elə oxuyacağam ki, Qarabağsız yaşadığımız illərdə çəkdiyimiz bütün ağrı-acılar yox olsun” deyirdi. Qarabağa doğru uzanan yolu səsi ilə tutub gedən, amma ora çata bilməyən Yaqub Məmmədov bu arzu ilə yaşayırdı. Yaşayırdı ki, Qarabağı görsün. Qarabağımızın qayıtdığı gün Yaqub Məmmədov aramızda olmasa da, ruhu şaddır və səsi, avazı isə qəlblərdə yaşayır.