Dekabrın 9-da Sumqayıt şəhərinin Corat qəsəbəsində Vətən müharibəsinin qəhrəmanlarından biri – cəsur əsgər Cəbrayıl Dövlətzadənin barelyefi açılıb. Karantin rejimi qaydalarına uyğun keçirilən mərasimdə Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs olunub. Bildirilib ki, əsgər Cəbrayıl Dövlətzadə Sumqayıtda doğulub. 19 yaşında idi. Müharibənin ikinci günü böyük qəhrəmanlıq göstərərək şəhid olub.

Sentyabrın 28-də Murov dağı istiqamətində əks-hücum əməliyyatı zamanı əsgər Cəbrayıl Dövlətzadə özündən yaşlı 11 hərbçimizlə birlikdə düşmənin komanda məntəqəsi uğrunda döyüşə girir. Döyüş bir neçə saat davam edir. İrəlidə düşmənin yüksək rütbəli hərbçiləri vardı. Hələ iyul ayında, Tovuz döyüşlərində  şəhid olmuş general və zabitlərimizin qisası ilə qəlbi alovlanan Cəbrayıl bu fürsəti əldən verə bilməzdi. Zabit yoldaşlarına “Siz gəlməyin, yolunuzu gözləyəniniz var. Subayam, mən gedəcəyəm”, - deyərək irəli atılır, düşmənlə əlbəyaxa döyüşə girərək düşmən generalını və polkovnikini öldürür və qəhrəmancasına həlak olur.

Cəbrayıl Dövlətzadə qisasını aldığı qəhrəman hərbçilərimizlə bir məkanda, İkinci Fəxri xiyabanda dəfn olunub. Allah rəhmət eləsin.