UNESCO-nun Almatı bürosunun təşəbbüsü ilə ResiliArt layihəsi çərçivəsində “Pandemiya dövründə muzeylər: Yeni normalara uyğunlaşma” mövzusunda onlayn konfrans keçirilib.

Konfransa Azərbaycan Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova da qatılıb. O, COVİD-19 pandemiyası dövründə Azərbaycan Milli Xalça Muzeyinin onlayn fəaliyyəti barədə çıxış edib.

Şirin Məlikova muzeyin qısa zamanda öz işini karantin dövrünün tələblərinə uyğunlaşdırdığını bildirib: “Koronavirusla əlaqədar muzeylərdə bütün kütləvi tədbirlər dayandırılanda biz “Zənginləşən xəzinəmiz” adlı sərginin açılışını ölkəmizdə ilk dəfə onlayn şəkildə keçirdik. Sərgini dünyanın müxtəlif ölkələrindən 5 min nəfərdən artıq şəxs muzeyin “Facebook” səhifəsindən izlədi. Pandemiya dövründə sosial şəbəkə səhifələrimizdə muzeyin nəşrlərini, eksponatlar haqqında maraqlı elmi məlumatları özündə əks etdirən məqalələr, kiçik mətnlər və ya video-çarxlar yerləşdirdik”.

Milli Xalça Muzeyinin direktoru “Sənətə həsr olunmuş ömür” rubrikası çərçivəsində həyatını xalçaçılıq sənətinə həsr etmiş mütəxəssislər, xalçaçı-rəssamlar, toxucular və onların muzeydə qorunan xalçaları haqqında izləyicilərin məlumatlandırıldığını, həmçinin onlayn mühazirələrin keçirildiyini bildirib. Qeyd edib ki, bu müddət ərzində muzeyin zənginləşməsində rolu olan xarici xalça mütəxəssisləri, kolleksiyaçılar və onlar vasitəsilə əldə edilən eksponatlar izləyiclərə təqdim olunub, muzeyimizlə əməkdaşlıq edən, yeni eksponatların əldə edilməsində rolu olan xarici ekspert və kolleksiyaçılardan bəhs edilib və onlarla onlayn görüşlər keçirilib.

Həmçinin muzeyin reallaşdırdığı “Tanınmış şəxslərlə virtual tur”, “Xalça hekayələri”, “Qarabağın xalça xəritəsi” kimi maraqlı layihələr barədə də məlumat verilib. Muzeyin uşaqlar üçün də onlayn ustad dərsləri, nağıl saatı, tamaşalar, kölgə teatrı kimi maraqlı rubrikalar təqdim etdiyi diqqətə çatdırılıb.

Direktor 27 sentyabr – 10 noyabr Vətən müharibəsi dövründə muzeyin paylaşımlarının əsasən Qarabağın təbiəti, tarixi, etnoqrafiyası, milli-mədəni irsi olan xalçaçılıq və digər sənət sahələri, bu torpağın yetişdirdiyi məşhur şəxsiyyətlər barədə olduğunu deyib. Milli Xalça Muzeyinin və İCOM Azərbaycan Milli Komitəsinin Qarabağ həqiqətlərini dünyaya çatdırmaq istiqamətində gördüyü işlər haqqımda məlumat verən Ş.Məlikova Milli Komitənin təhlillərinə əsasən, COVİD-19 pandemiyasının ölkəmizdə fəaliyyət göstərən muzeylərə təsirindən də danışıb.

Konfransda A.Kasteyev adına Qazaxıstan Dövlət İncəsənət Muzeyinin, Polşanın Asiya və Sakit Okean Muzeyinin, Rerixovlar Muzeyinin (Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin filialı), Qırğız Milli İncəsənət Muzeyinin nümayəndələri də mövzu ətrafında çıxış ediblər.