Deyirlər ki, həyatda əvəzolunmaz insan yoxdur. Mənə elə gəlir ki, bu sözlər o qədər də düzgün deyil. Həyatda əvəzolunmaz insanlar olur. Lakin bu insanlar yüz ildə, min ildə bir dünyaya gəlirlər. Həmin insanlar öz işləri, əməlləri ilə tariximizdə elə silinməz izlər qoyurlar ki, illər, bəlkə də əsrlər keçsə belə, bu iz öz əbədiliyini qoruyub saxlayaraq həmin insanı dahi şəxsiyyətə çevirir. Xalqımızın böyük oğlu, Ulu öndər Heydər Əliyev kimi!

Ümummilli lider Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan Respublikasına rəhbərliyi zamanı mədəniyyət sahəsinə xüsusi diqqət və qayğı göstərib. Xüsusilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyini, dövlətçiliyini xilas etməklə bərabər, millətin taleyi üçün misilsiz əhəmiyyət daşıyan mədəniyyət sahəsini də böhrandan qurtardı. Cəmiyyətdə mədəniyyət xadimlərinin rolu yüksəlməyə başladı. Dahi rəhbər daim mədəniyyətimizin böyük himayədarı olub. Görkəmli sənətkarların yubileylərinin keçirilməsi, yaradıcı şəxslərin təltif edilməsi, mədəniyyət və incəsənət xadimlərinə Prezident təqaüdünün təyin edilməsi, bu sahədə çalışan insanların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində digər addımlar Heydər Əliyevin mədəniyyətimizə qayğısının nümunəsidir.

“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik, zəka mənbəyidir” – bizim hamımız üçün böyük şüara çevrilmiş bu dahiyanə sözlərlə Ümummilli lider kitabxanaların insan həyatındakı rolunu diqqətə çatdıraraq, bu sahəyə  də qayğısını əsirgəməyib.

Tarixi böyük şəxsiyyətlər müəyyən edir. Heydər Əliyev Azərbaycan tarixinə böyük şəxsiyyət kimi daxil oldu, xalqın liderinə çevrildi və həyatdan getsə də, ölümsüzlüyə qovuşdu. Onun məzarı müqəddəs ziyarətgah oldu. Bakıya gələn hər bir mötəbər qonaq, eləcə də sıravi insanlar Ulu öndərin məzarına baş çəkərək onun xatirəsini ehtiramla yad edirlər. Bu da dünyanın böyük dövlət xadiminə, xalqımızın öz əbədi liderinə olan dərin hörmət və məhəbbətidir.

Məryəm ƏLİYEVA
Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir Rayon MKS–nin metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı