Ümummilli lider Heydər Əliyev siyasi və dövlətçilik fəaliyyətinin bütün dövrlərində mədəniyyət xadimlərinə, o cümlədən musiqiçilərə xüsusi diqqət və qayğı ilə yanaşıb, musiqi sənətinin inkişafına xidmət edən mühüm qərarlara imza atıb. Musiqi xadimlərimiz Heydər Əliyevin simasında bu sənətin qüdrətli himayədarının, böyük dostunun varlığını həmişə hiss edib. Bu, musiqiçilərimizi yaradıcı kimi də, vətəndaş kimi də qürrələndirib, onlara ilham verib.

Heydər Əliyevə həsr edilən çoxlu sayda musiqi əsərləri də böyük rəhbərə, onun mədəniyyət qarşısında tarixi xidmətlərinə, vətən üçün yaratdıqlarına musiqi-bədii vasitə ilə sərgilənən sənətkar hörməti, sevgisi və etirafıdır. Bu baxımdan Heydər Əliyevə həsr olunan musiqi əsərləri zamanın bədii sifarişi, tariximizin bədii həqiqətləridir.

Dahi liderə musiqinin əksər janrlarında (simfonik əsərlər, kamera-instrumental əsərlər. xor əsərləri, mahnı və romanslar) əsərlər həsr olunub.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Ariz Abduləliyev qeyd edir ki, bu əsərləri mövzu baxımından bir neçə istiqamətə bölmək olar: Ulu öndərə həsr olunmuş iri həcmli bioqrafik əsərlər; Heydər Əliyevin şəxsiyyətinə və böyük humanistliyinə həsr olunan fəlsəfi əsərlər; Vətəni, müstəqilliyi, qələbələri, nailiyyətləri vəsf edən və böyük rəhbərə ithaf olunan əsərlər; Heydər Əliyev haqqında xatirə (memorial) əsərlər.

Ümummilli liderə həsr olunmuş iri həcmli simfonik əsərlərdən bəzilərini təqdim edək: Cövdət Hacıyevin “Onu zaman seçib” simfoniyası və “Ulu öndər” simfonik poeması, Musa Mirzəyevin “Azadlığın baharı” kantatası, Vasif Adıgözəlovun “Odlar yurdu” kantatası, Arif Məlikovun “Əbədiyyət” simfoniyası, Tofiq Bakıxanovun “Sən həmişə bizimləsən” simfonik poeması, Oqtay Rəcəbovun simfonik orkestr ilə xor üçün “Heydər Ata” oratoriyası, Vasif Allahverdiyevin “Ömür yolu” simfonik poeması, İdris Mirzəyevin “Üç dənizin əfsanəsi” simfoniyası...

Ariz Abduləliyev yazır ki, zəmanəmizin qüdrətli siyasət və dövlət xadimi Heydər Əliyevə həsr olunan monumental əsərlər öz məzmununa, ideyasına, yüksək professional bədii səviyyəsinə görə müasir simfonik və xor musiqisinin dəyərli nümunələridir. Bu əsərlərdə Heydər Əliyevin mənalı həyat yolu, onun milli inkişaf, müstəqil dövlətçilik, sabitlik uğrunda mübarizəsi, vətənə və xalqa sönməz sevgisi, millətə məhəbbətlə döyünən qəlbi, möhtəşəm tarixi şəxsiyyət kimi obrazı musiqi-bədii ifadə vasitələri ilə canlandırılıb.

Onların məzmununda sənətkar səmimiyyəti, sənətkar ehtiramı aydın duyulur.

Nəriman Məmmədovun “Müstəqil vətənim”, “Sənsən xilaskarımız”, “Yeni Azərbaycan”, “Ellər oğlu”, Ramiz Mirişlinin “Məşəl kimi yanan ürək”, Eldar Mansurov “Heydərnamə”, Faiq Sücəddinovun “Azərbaycan”, Azər Dadaşovun “Bir millət, iki dövlət”, “Yeni Azərbaycan marşı”, İlham Abdullayevin “Heydər Ata”, “Həqiqət yolu”, “Cənab Prezident”, Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında oda”, “Ordumuz”, “91-lər marşı”, Həsənağa Qurbanovun “Dahilər dühası”, Nailə Mirməmmədlinin “Azərbaycan – möhtəşəm diyar”, “Azərbaycan səs salacaq”, “Azərbaycan bayrağı”, Hikmət Mirməmmədlinin “Ey, ana Vətən”, “Ana yurdum Azərbaycan”, “Gənc heydərçilər marşı”, Lalə Cəfərovanın “Bakı-Ceyhan”, “Zəfər marşı”, İsa Məlikovun “Doğma Azərbaycan” və digər bəstəkarların mahnıları elə ilk ifadan dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb, Azərbaycan mahnısını yeni vətənpərvərlik mövzusu ilə zənginləşdirib.

Maraqlıdır ki, bu mövzuda həvəskar bəstəkarların yazdıqları mahnılar da genış tamaşaçı və dinləyici rəğbəti qazanıb. Bunun isə səbəbi sadədir: aydın duyulan səmimilik və dahi rəhbərə müəllif məhəbbətinin ümumxalq sevgisi ilə qaynayıb-qarışması. Nümunə olaraq Kamalın “Xalq Heydər söyləyəcək”, “Mənim babam” (sözləri Leyla Əliyevanındır), Yaşar Həşimovun “Yaşa, Prezidentim, yaşa!”, Xanım İsmayılqızının “Dahi”, Niyaməddin Musayevin “Qurtuluş”, Hüseyn Hüseynovun “Azərbaycan”, Tünzalə Ağayevanın “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, Abbas Vəliyevin “Zəfər mahnısı”, Namiq Nəbiyevin “Azadlıq bayrağı” mahnılarını misal göstərə bilərik.

Heydər Əliyevin vəfatı Azərbaycan musiqisinin himayədarının itkisi kimi musiqiçiləri də dərindən kədərləndirdi. Bu ağır itkinin sənətkar yaşantıları ümummilli liderin xatirəsinə musiqisi əsərlərinin yazılmasına səbəb oldu. Bu xüsusda Fərhad Bədəlbəylinin “Elegiya”, Firəngiz Əlizadənin “İthaf”, Sücəddinovun “Elegiya” pyeslərini, Fidan və Xuraman Qasımovaların “Liderə ithaf”, Arif Mərzəyevin “Dahi Prezidentə xatirə duaları”, Vasif Allahverdiyevin “Sənsizlik” və başqa nümunələri qeyd etmək olar. Bu əsərlər yaxın dostunun, mədəniyyətin himayədarının itkisindən təsirlənən sənətkarların Heydər Əliyev haqqında xatirələrini, fəlsəfi düşüncələrini, elegiyalı yaşantılarını, işıqlı və müqəddəs kədəri ifadə edirlər.