Silahlı Qüvvələrin dörd hərbi qulluqçusu həbs edilib

Azərbaycan Respublikasının Baş Prokurorluğu Vətən müharibəsində Azərbaycan Ordusu hərbi qulluqçularının göstərdiyi şücaətə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi mərdliyə və peşəkarlığa xələl gətirən əməllərə yol vermiş bir neçə hərbçi barədə qanuna müvafiq tədbirlərin görülməsi barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğal altındakı ərazilərin azad edilməsi üçün əks-hücum əməliyyatının başlandığı ilk gündən Azərbaycan Ordusuna yalnız döyüş meydanında düşmənin legitim hərbi hədəflərinə zərbələr endirmək, hərbi əsirlərə və mülki əhaliyə münasibətdə beynəlxalq humanitar hüququn, o cümlədən Cenevrə konvensiyalarının tələblərinə dönmədən əməl olunmasına dair tapşırıq verib.

Ali Baş Komandanın göstərişlərini rəhbər tutan Azərbaycan Ordusunun əsgər və zabitləri torpaqlarımızın işğaldan azad edilməsi zamanı mülki əhali, o cümlədən qadın, uşaq və ahıl şəxslərə, əsir götürülmüş hərbçilərə, din xadimlərinə münasibətdə xalqımıza məxsus yüksək mədəniyyət və humanizm nümayiş etdirərək diqqət və qayğı ilə yanaşıb və həmin şəxslər bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşləri, kütləvi informasiya vasitələrinə müsahibələri zamanı təsdiq ediblər.

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, müharibənin törətdiyi ağır psixoloji durumun təsiri altında bəzi hərbi qulluqçular tərəfindən düşmənə qarşı mübarizənin metod və üsullarının dərk edilməsində yanılmalar Silahlı Qüvvələrin göstərdikləri rəşadət və əzmə, eləcə də əldə olunmuş qələbəyə kölgə sala biləcək qanunsuz hərəkətlərin törədilməsinə gətirib çıxarıb.

Bununla bağlı bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb.

Aparılan istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində kiçik gizir kimi xidmət aparan Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə əsaslı şübhələr müəyyən olunub.

Həmçinin istintaqla N saylı hərbi hissəsinin əsgərləri Arzu Hüseynov və Ümid Ağayevin Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə şübhələr üçün əsaslar müəyyən olunub.

R.Əliyev, Q.Abışov, A.Hüseynov və Ü.Ağayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sosial mediada yayılmış digər videogörüntülərlə bağlı zəruri araşdırmalar aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Baş Prokurorluq bəyan edir ki, Azərbaycan Respublikasının hərbi qulluqçuları tərəfindən yuxarıda qeyd olunan cinayət əməllərinin törədilməsi yolverilməz olmaqla tolerant, multikultural dəyərləri üstün tutan, tarixən humanistliyi ilə seçilən Azərbaycan xalqının mentalitetinə ziddir. Oxşar xarakterli qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcək.

O da diqqətə çatdırılır ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, bu sahədə hüquq-mühafizə orqanları tərəfindən qeyd olunan hüquq pozuntuları ilə bağlı ictimaiyyətin məlumatlandırılmasına və cinayət işləri çərçivəsində istintaq araşdırmalarının aparılmasına dair açıq bəyanatların verilməsinə baxmayaraq, Ermənistan hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş azərbaycanlı hərbçilərin meyitləri üzərində təhqiredici hərəkətlər etmələri, habelə əsir götürülmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülərlə bağlı təəssüf ki, Ermənistanın hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluğu tərəfindən hər hansı araşdırma aparılmamaqla tədbir görülməyib və açıqlama verilməyib.

Qeyd olunur ki, döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqçularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən videögörüntülər üzrə zəruri istintaq hərəkətləri aparılır və təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi üçün tədbirlərin görülməsi təmin ediləcək.

Eyni zamanda Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan hüquq-mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və ictimaiyyəti məlumatlandırmağa çağırır.