C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası sosial şəbəkə istifadəçilərini Qarabağ uğrunda gedən döyüşlərin qəhrəmanları ilə tanış etmək məqsədilə Vətən müharibəsinin qaziləri ilə silsilə canlı yayımlar təşkil edir.
Dekabrın 15-də keçirilən növbəti yayımın qonaqları qazilər Orxan Məmmədzadə və Müseyib Məmmədov olub.
Əvvəlcə Orxan Məmmədzadə könüllü olaraq cəbhəyə getməsindən, əsasən Füzuli rayonu ərazisində iştirak etdiyi döyüşlərdən, yaralanmasından söhbət açıb. Orxan onunla çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, şəhidlik zirvəsinə ucalan döyüş dostlarını da ehtiramla yad edib, Həsən Quliyev, Mətin Hüseynov kimi qəhrəman oğulların adını çəkərək döyüşlər zamanı bir-birlərinə necə dəstək olmaları, yaralı yoldaşlarını, şəhidləri döyüş meydanından çıxarmaları barədə danışıb.
Canlı yayımın ikinci hissəsində 19 yaşı olan igid əsgər, Murovdağ istiqamətində qolundan və ayağından yaralanan Müseyib Məmmədov iştirak etdiyi döyüşlər barədə danışıb, döyüşlər zamanı əsgərlər arasında olan birlik, ruh yüksəkliyi, qələbəyə inamın onları şücaətlə döyüşməyə ruhlandırdığını söyləyib. Müseyib Gəncədə əməliyyat olunan zaman sinif yoldaşları Musa Həmzəyev və Əlikram Şahbazovun şəhid olmaları xəbərini alaraq necə sarsılmasını da dilə gətirib.