Baş nazir Əli Əsədov “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” sərəncam imzalayıb.

Sərəncam “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 dekabr tarixli sərəncamının icrasını təmin etmək məqsədilə imzalanıb.

Sərəncama əsasən, mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi məqsədilə ilkin olaraq 9 068 128 manat  məbləğində vəsait ayrılıb. Qeyd olunan məbləğ Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılmış işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanıb. Bununla bağlı Maliyyə Nazirliyinə tapşırıq verilib. Vəsait Gəncə, Mingəçevir, Naftalan şəhər, Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Cəbrayıl, Tərtər, Füzuli, Goranboy rayon icra hakimiyyətlərinin müvafiq xəzinə hesablarına köçürüləcək. Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyan 10 gün müddətinə ödəniləcək.