Xəbər verdiyimiz kimi, “Humay” milli mükafatının 2020-ci il üçün müxtəlif nominasiyalar üzrə laureatları elan olunub. Laureatlar sırasında Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi də yer alıb.

Layihə yeni istedadların aşkarlanmasında, gənc bəstəkarların əsərlərinin geniş ictimaiyyətə təqdim edilməsində xüsusi rol oynayır. Xor, akademik, pop, muğam və caz musiqisi – layihənin əhatə dairəsi genişdir.

“Gənclərə dəstək” layihəsinin müəllifi filarmoniyanın direktoru, Xalq artisti Murad Adıgözəlzadə, koordinatoru musiqişünas Ayla Kərimova-Zəkəriyyədir.

Ayla xanım bizimlə söhbətində bildirdi ki, Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilən layihə gənc istedadları böyük səhnəyə aparan yolda mühüm zəmindir: “Gənc istedadlara dəstək verilməsi ənənəsi dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulub və bu, adlarını qürurla çəkdiyimiz bir çox musiqiçilərin sənət yolunda onlara böyük stimul olub. “Gənclərə dəstək” layihəsi də müxtəlif üslub və məzmunlu proqramlarla səhnəyə yeni addımlayan musiqiçilər üçün perspektivlər açır. 2016-cı ildən həyata keçirilən layihənin məqsədi milli və dünya musiqisi ənənələrini qoruyub inkişaf etdirmək, musiqi sahəsində maarifləndirmə və gənc musiqiçilər arasında sənət mübadiləsini həyata keçirməkdir”.

Müsahibimizin sözlərinə görə, 2019-cu ildə “Gənclərə dəstək” layihəsi çərçivəsində ilk dəfə Dövlət Simfonik Orkestrinin gənc musiqiçilərlə konserti gerçəkləşib: “Koronavirusla əlaqədar karantindən əvvəl hər ay filarmoniyanın Kamera və orqan musiqisi zalında layihənin konsertləri keçirilirdi. Bu konsertlərin proqramına Azərbaycanın görkəmli bəstəkarları ilə yanaşı gənc bəstəkarların əsərləri də daxil edilirdi”.

“Humay” mükafatına layiq görüldüklərinə görə məmnunluğunu bildirən həmsöhbətim deyir ki, bu mükafat böyük bir məsuliyyət, eyni zamanda layihəmizin gələcək inkişafı üçün bir stimuldur.

Qeyd edək ki, ötən dörd ildə “Gənclərə dəstək” layihəsi çərçivəsində çox sayda ifaçının iştirakı ilə konsert proqramları təşkil edilib. Pandemiya dövründə isə onlayn konsertlər keçirilir. 

Lalə AZƏRİ