Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış xanəndə, Xalq artisti Sabir Əliyev dekabrın 22-də 72 yaşında vəfat edib.

Sabir Məhərrəm oğlu Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. 1967–1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunun Muğam şöbəsində, 1981–1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

Sabir Əliyev 1968-ci ildə Musiqi Texnikumunun tələbəsi ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və ömrünün sonuna kimi teatrın Muğam bölməsinin solist-vokalçısı olub. O, teatrda çalışdığı illərdə bir sıra tamaşalarda yaddaqalan obrazlar qalereyası yaradıb. Sənətkarın “Leyli və Məcnun” (İbn Səlam, Zeyd, Şeyx), “Koroğlu” (Vəli, Nadir), “Vaqif” (Xanəndə, Züvvar), “Şah İsmayıl” (Çapqınçı), “Əsli və Kərəm” (Sofi, Osmanlı), “Aşıq Qərib” (Aşıq Vəli, Şahvələd), “Gəlin qayası” (Əmioğlu, Şeyx), “Natəvan” (Aşıq), “Sevil” (Azançı) opera tamaşalarında yaratdığı obrazlar teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və digər ölkələrdə qastrol səfərlərində olan xanəndə musiqi mədəniyyətimizi layiqincə təqdim edib.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilən sənətkar 2005-ci ildə “Əməkdar artist”, 2017-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Sabir Əliyevin əziz xatirəsi ölkəmizin musiqi və teatr ictimaiyyətinin, tamaşaçıların, doğmalarının qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin.