Xəbər verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət mərkəzi Şuşada hərbçilərimiz üçün konsert proqramı təşkil edib. Tanınmış sənətçilərin iştirak etdiyi konsert dekabrın 23-də DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışından sonra keçirilib.
Açılış mərasimində DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa rayon idarəsinin əməkdaşları, digər hüquq-mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.
Əvvəlcə binanın qarşısında 1992-ci ildə düşmən işğalı nəticəsində üç yaşında ikən ailəsi ilə birlikdə Şuşa şəhərini tərk etməyə məcbur qalmış, hazırda DTX-də xidmət edən leytenant U.Bəylərov Azərbaycanın dövlət bayrağını qaldırıb. Dövlət himni səsləndirilib.
Binanın rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları foyedə müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Foyedə ümummilli liderin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostend təşkil edilib.
DTX-nin kollegiya üzvlərinin və Şuşa rayon idarəsinin rəhbərliyinin iştirakı ilə xidməti müşavirə keçirilib. General-polkovnik Əli Nağıyev idarənin əməkdaşlarını təbrik edib və onlara uğurlar arzulayıb.
DTX-nin rəisi Şuşa qarnizonunda xidmət edən hərbi qulluqçularla da görüşüb. Hərbçilərə bayram sovqatları təqdim olunub.
Sonra Şuşada qulluq keçən hərbçilər üçün Cıdır düzündə 30 ildən sonra ilk dəfə konsert proqramı təqdim olunub.
Əvvəlcə xanəndələr – Əməkdar artist Təyyar Bayramov və Mirələm Mirələmov Şuşadakı Yuxarı Gövhər ağa məscidinin minarələrindən azan səsləndiriblər.
Əməkdar artist Tahir İmanovun aparıcısı olduğu konsertdə Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artistlər Almaz Orucova, Abbas Bağırov və başqaları çıxış ediblər. Cıdır düzündə “Bayatı-Şiraz” dəsgahı oxunub. Konsert proqramı “Qarabağ şikəstəsi” ilə yekunlaşıb.
Konsert proqramının videoyazısı: