Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il dekabrın 31-də 93 yaşında dünyasını dəyişmiş Azərbaycan əsilli fransalı rejissor və aktyor Rober Osseynin (Robert Hossein) ailəsinə başsağlığı veriblər.

“Dünya teatr və kino sənətinin görkəmli nümayəndəsi, aktyor, ssenarist, rejissor Rober Osseynin vəfatı ilə əlaqədar Mehriban xanımla birlikdə dərin hüznlə başsağlığımızı veririk.

Rober Osseynin dolğun səhnə və ekran fəaliyyəti əsnasında canlandırdığı rəngarəng obrazlar, bənzərsiz ifalar, quruluşçusu olduğu çoxsaylı tamaşalar kino və teatr sənətinin parlaq nümunələridir” – deyə başsağlığı məktubunda bildirilir.

Qeyd olunur ki, Rober Osseyn Azərbaycanın əsl dostu idi: “Azərbaycanlı soy-kökləri ilə fəxr edən Rober Osseyn ölkəmizin hüdudlarından kənarda yaşasa da, qəlbən ata yurduna bağlı idi. Məhz bu səbəbdən o, dəfələrlə ölkəmizə səfər etmişdir. Ona Azərbaycanda hər zaman böyük hörmət və rəğbət bəslənilmişdir. Onunla görüşlərimizi və söhbətlərimizi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Unudulmaz sənətkar və səmimi insan Rober Osseynin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”.

Xatırladaq ki, Rober Osseyn (Hossein) 1927-ci dekabrın 30-da Parisdə doğulmuşdu. Atası – skripka ifaçısı və bəstəkar Əminulla Hüseynov (Fransaya mühacirət etdikdən sonra Andre Hossein) sovetləşmə zamanı, 1921-ci ildə Almaniyaya mühacirət etmiş, Berlin Konservatoriyasında təhsil almışdı. Almaniyada Anna Minkovskaya ilə evlənmiş, sonra gənc ailə Fransaya köçmüşdü.