Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) “Qarabağ Azərbaycandır!” mövzusunda ssenari müsabiqəsi elan edib.

İttifaqdan bildirilib ki, müsabiqənin məqsədi təqdim olunan ssenarilərdə Azərbaycan Ordusunun Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıq mübarizəsini, gənclərimizin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən ideoloji-siyasi tədbirlərin səmərəliliyinin artırılması, arxa cəbhədə çalışan, Ordumuzun qarşısında duran vəzifələrin reallaşdırılmasına hərtərəfli dəstək göstərən sadə, fədakar Azərbaycan vətəndaşlarının fəaliyyətini bütün parametrləri, əlvanlığı və obyektivliyi ilə əks etdirməkdir.

İstənilən şəxs müsabiqəyə ssenari təqdim edə bilər. Müsabiqəyə bədii, sənədli, qısametrajlı və animasiya üzrə film ssenariləri qəbul olunur. Hüquqları müəllifə məxsus, orijinal, satılmamış, ekranlaşdırılmamış ssenarilər müsabiqədə iştirak edə bilər. Ssenarilər müsabiqəyə üç nüsxədə, çap olunmuş və CD diskdə təqdim edilməlidir. Hər müəllif bir ssenari təqdim edə bilər. Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

Ssenarilər fevralın 1-dən aprelin 30-dək ARKİ-yə göndərilməlidir.

ARTİ tərəfindən təyin edilən peşəkar münsiflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq. Ən yaxşı bədii film ssenarisinə 5 min manat, ən yaxşı sənədli film ssenarisinə 3 min 500, ən yaxşı qısametrajlı film ssenarisinə 3 min, ən yaxşı animasiya film ssenarisinə isə 2 min manat təqdim ediləcək.