Mədəniyyət Nazirliyi və  Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, artgift.az saytının dəstəyi ilə “Nizami Gəncəvi İli” çərçivəsində 2 fevral – Gənclər Gününə həsr olunan “Axın” adlı virtual rəsm sərgisi açılıb.

Dövlət Rəsm Qalerasından bildirilib ki, sərgi gənclərin inkişafını dəstəkləmək, cəmiyyətdəki fəallığını təmin etmək, yaradıcılıqlarını stimullaşdırmaq məqsədilə təşkil edilib.

Virtual sərgidə 50-dən çox gənc rəssamın 60-a yaxın əsəri sərgilənib. Onların sırasında gənc rəssamlar Aysel Əlizadənin “Narlar”, Aygün Eminlinin “Qayıdış”, Sədaqət İsmayılovanın “Qarabağ xalçası”, Şahin Nəcəfovun “Şamaxıda bahar”, Lamiyə İmanovanın “Göl”, Vüsalə Şərifovanın “Badam sırğalı qız”, Aqil Həşimovun “Təbiətin rəqsi” və s. əsərlər yer alıb.

Sənətsevərlər, həmçinin virtual sərgidə seçilmiş əsərləri artgift.az incəsənət əsərlərinin satış portalına keçid edərək əldə edə bilərlər.