Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Yüen Sikunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Çinli heykəltəraş-rəssam Yüen Sikun Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin Pekinin Çaoyan  parkında qoyulmuş büstünün müəllifidir.

Dövlətimizin başçısının dahi Nizami Gəncəvinin dünyanın ən iri şəhərlərindən olan Pekindəki büstünü hazırlayan heykəltəraşı məhz “Nizami Gəncəvi İli”ndə ordenlə təltif etməsi xüsusilə əlamətdardır.

Cintay İncəsənət Mərkəzinin direktoru, Çin Kreativ Sənaye Alyansının prezidenti, professor Yüen Sikun müxtəlif xalqların dahilərinin büstlərini hazırlaması ilə məşhurdur. Konfutsi, Mahatma Qandi, Aristotel kimi onlarla şəxsiyyətin abidəsinin olduğu Çaoyan parkın ərazisində 2012-ci ildə dahi Nizami Gəncəvinin tuncdan tökülmüş büstü qoyulub. Heykəltəraş Nizami Gəncəvinin büstünü təxminən 8 aya hazırlayıb. O, əsərdə Nizami Gəncəvinin daxili aləmini təqdim etmək üçün dahi şairin əsərlərini mütaliə edib.