Fevralın 8-də İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan Milli Kitabxanada olub.

Qonaqları salamlayan kitabxananın direktoru, professor Kərim Tahirov iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan danışıb, son illərdə bu əlaqələrin zəiflədiyini bildirib. Qeyd edib ki, Azərbaycan və İran milli kitabxanaları arasında bağlanmış əməkdaşlıq haqqında memorandumun yenilənməsinə ehtiyac var.

Əli Purmərcan Milli Kitabxanada olmasından şad olduğunu ifadə edərək, iki ölkənin milli kitabxanaları arasında mövcud əlaqələri daha da möhkəmləndirməyin əhəmiyyətini qeyd edib. Qonaq “Nizami Gəncəvi İli”ndə dahi şair haqqında yeni kitabların nəşrinin, iki ölkə kitabxanalarında olan ədəbiyyatlar üzrə sərgi keçirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, N.Gəncəvinin “Xosrov və Şirin” əsəri fars dilində nəşr edilib. Həmçinin “Yeddi gözəl” əsəri bu yaxınlarda çapdan çıxacaq.

Kərim Tahirov qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanın, eləcə də bütün bəşəriyyətin dahi mütəfəkkir şəxsiyyətlərindəndir. Bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” kimi qeyd olunmasının əhəmiyyətindən bəhs edən direktor Azərbaycan Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi üzrə “Nizami ili”nin açılış tədbiri, sərgidə nümayiş olunan kitablar barədə məlumat verib. Vurğulanıb ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycana aid əlyazmaların surətlərinin ölkəyə gətirilməsini həyata keçirir. Son iki ildə layihə çərçivəsində Türkiyədən, Pakistandan, Hindistandan və digər ölkələrdən 58 əlyazmanın surətləri Milli Kitabxanaya gətirilib.

Görüşdə sözügedən layihə üzrə İran Milli Kitabxanası ilə əlaqələrin möhkəmləndirilməsi məqsədilə Nizami əlyazmalarının surətlərinin Milli Kitabxanaya gətirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Kərim Tahirov həmçinin Azərbaycan və İran milli kitabxanaları arasında beynəlxalq kitab mübadiləsi işinin də gücləndirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.

Daha sonra Əli Purmərcan Nizami əsərlərinin səhnələşdirilməsinin və “Xəmsə”nin  yenidən işlənilib nəşr olunmasının vacibliyini vurğulayıb, habelə hər iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq memorandumunun imzalanmasına köməklik göstərəcəyini bildirib.

Görüşün sonunda qonaqlara kitablar hədiyyə olunub.