Ağdaş Regional Mədəniyyət İdarəsi Göyçay şəhər Arif Məmmədov adına Uşaq musiqi məktəbində Vətən müharibəsi şəhidi, məktəbin qarmon müəllimi Alim İbrahimovun xatirə lövhəsinin və məktəbdə onun adını daşıyan konsert zalının açılış mərasimi keçirilib.

İdarənin rəisi Ramiz Quliyev tarixi Zəfərin əldə olunmasında Vətən müharibəsində iştirak etmiş mədəniyyət işçilərinin də payı olduğunu diqqətə çatdırıb. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə və regional idarəyə təşəkkürlərini bildiriblər.

Zərdab rayon Heydər Əliyev Mərkəzi Həsən bəy Zərdabi İrs Mərkəzi ilə birgə “Türk dünyasının xilaskarları” adlı layihəyə başlayıb. Layihə çərçivəsində “Türk dünyasının xilaskarları – müstəqillikdən Zəfərə doğru” adlı silsilə onlayn konfransların keçirilməsi nəzərdə tutulur.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsinin kollektivi tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Şirbala Hüseynov, Qəzənfər Mütəllimov və Samir Nadirovun ailələri ziyarət edilib, maddi yardım göstərilib.

***

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki Uşaq incəsənət məktəbinin şagirdləri “İnternational Music Astana” I Beynəlxalq vokal-ifac­̧ılıq müsabiqəsində uğurla çıxış edərək Qran-pri mükafatına və I, II və III dərəcəli laureat adına layiq görülüblər. Müsabiqənin təşkilat komitəsi adından məktəbin direktoru Eldar Rəcəbova, şagirdlərin mu­̈əllimlərinə və konsertmeysterlərə təs­̧əkkür məktubu göndərilib.

Oğuz rayon MKS-nin Qarabulaq kənd kitabxana filialında “Yumruqboy oğul” nağılı üzrə onlayn müzakirə aparılıb. Müzakirə zamanı nağıldakı obrazlar təhlil olunub.

Balakən rayonunun Yeni Şərif kənd Sənətkarlıq evi “Azərbaycan qadınlarının cəmiyyətdə və ailədə rolu” mövzusunda videokonfrans keçirib.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Mədəniyyət Mərkəzi “Nizami Gəncəvi İli” ilə əlaqədar “Şərq poeziyasının “Xəmsə” zirvəsi” adlı silsilə tədbirlərə başlayıb.

Mədəniyyət Mərkəzinin filialı olan Qaraağacı kənd Mədəniyyət evinin əməkdaşları Vətən müharibəsi qazisi, kənd sakini Namiq Nəbiyevlə görüş keçiriblər.

Rayonun Umudlu kənd Folklor evinin əməkdaşları Vətən müharibəsində şəhid olmuş Elşən Məmmədovun doğum günündə onun ailəsini ziyarət ediblər.

Yevlax və Tərtər rayonlarının mədəniyyət mərkəzlərinin filialları Xalq şairi Nəriman Həsənzadənin 90 illiyinə həsr olunmuş videoçarxlar hazırlayıblar.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev Quba rayonundan Vətən müharibəsi şəhidi İsmət Hacıyevin ailəsini ziyarət edib. İdarə tərəfindən şəhidin ailəsinə maddi və mənəvi yardım göstərilib.

Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin əməkdaşları və kitabxananın fəal oxucuları rayon Şəhidlər xiyabanını ziyarət edərək, Vətən uğrunda canından keçən qəhrəman oğulların məzarları üzərinə tər qərənfillər düzüblər.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa şəhər Hüseyn Arif adına Uşaq musiqi məktəbinin pedaqoji kollektivinin iştirakı ilə dahi bəstəkar Qara Qarayevin anadan olmasının 103-cü ildönümü münasibətilə onlayn tədbir keçirilib. Tədbirdə bəstəkarın Azərbaycan musiqisinin inkişafına verdiyi böyük töhfələrdən bəhs olunub.

Ağstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Qazax rayon MKS, Qazax rayon Mədəniyyət Mərkəzi və Tovuz rayon Mərkəzi kitabxanası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun (1988-2010) doğum gününə (7 fevral) həsr olunmuş videokonfranslar təşkil ediblər.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Uşaq şöbəsi  Beynəlxalq internet təhlükəsizliyi günü (Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən hər il fevral ayında qeyd olunur) münasibətilə “Dünyaya açılan pəncərə” mövzusunda onlayn informasiya saatı keçirib. Müxtəlif yaş qrupuna aid şagirdlərin iştirak etdiyi onlayn tədbirdə uşaqlara internetin faydalı və zərərli tərəfləri haqqında məlumat verilib.

Gəncə şəhər MKS-nin 19 saylı filialı “Nizami Gəncəvi İli” ilə bağlı onlayn görüş keçirib. Görüşün qonağı, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov dahi şairin yaradıcılığına nəzər salıb. MKS-nin 2 saylı filialı və Goranboy rayon Mərkəzi kitabxanası isə klassik özbək ədəbiyyatının banisi Əlişir Nəvainin 580 illiyinə həsr edilmiş videokonfranslar keçiriblər.

Gəncə şəhər MKS, Goranboy rayon Mərkəzi kitabxanası, Goranboy Dövlət Rəsm Qalereyası və Kəlbəcər rayon MKS Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər.

Goranboy rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Şəhidlərimizi tanıyaq və tanıdaq” adlı tədbir Vətən müharibəsində cəsurluğu və gözəl ifası ilə könüllərdə taxt quran şəhid Xudayar Yusifzadəyə həsr olunub.

Goranboy rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsinin qazisi Ruslan Əmrahovun evində görüş keçirilib. Rayon Balakürd kənd Mədəniyyət evinin təşkilatçılığı, kənd sakinlərinin iştirakı ilə Vətən müharibəsi qazisi Rövşən Quliyevin qarşılanma mərasimi olub.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və bir qrup əməkdaş Kürdəmir şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib. İdarənin rəisi Faiq Xudanlı bildirib ki, canını bu torpaq uğrunda fəda etmiş igidlərin ailə üzvlərinin bu məzarlar önündə məğrur dayanması qürur hissi yaradır.

Şəhidlərin valideynləri övladlarının keçdiyi döyüş yolu haqqında danışıblar. Kürdəmir şəhər 1 saylı məktəbin birinci sinif şagirdi Şəhanə Quliyeva və Mollakənd məktəbinin V sinif şagirdi Behbud Alıyev şəhidlər haqqında şeirlər söyləyiblər.

Kürdəmir şəhərində şəhid baş leytenant, tank komandiri Fərrux Baxış oğlu Hüseynovun evinin önündə barelyefinin açılışı olub. Çıxışlarda şəhid zabitin döyüş yolundan söz açılıb. Vurğulanıb ki, Vətən sevgisi gənc yaşlarından Fərrux Hüseynovu hərbçi olmağa ruhlandırıb. Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsində tankçı kimi döyüşlərə atılıb. Füzuli istiqamətində gedən döyüşlərdə iki dəfə yaralanıb. Noyabrın 9-da Xocavənd istiqamətində gedən ağır döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib, qəhrəmancasına şəhid olub.

NURƏDDİN