“Nizami Gəncəvi İli”ndə “Dostluq” ordeni ilə təltif olunmağım böyük şərəfdir”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Yüen Sikunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Çinli heykəltəraş-rəssam Yüen Sikun Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin Pekinin Çaoyan  parkında qoyulmuş büstünün müəllifidir.

Dövlətimizin başçısının dahi şairin dünyanın ən iri şəhərlərindən olan Pekindəki büstünü hazırlayan heykəltəraşı məhz “Nizami Gəncəvi İli”ndə təltif etməsi xüsusilə əlamətdardır.

Cintay İncəsənət Mərkəzinin direktoru, Çin Kreativ Sənaye Alyansının prezidenti, professor Yüen Sikun müxtəlif xalqların dahilərinin büstlərini hazırlaması ilə məşhurdur. Konfutsi, Mahatma Qandi, Aristotel kimi onlarla şəxsiyyətin abidəsinin olduğu Çaoyan parkının ərazisində 2012-ci ildə dahi Nizami Gəncəvinin tuncdan tökülmüş büstü qoyulub.

Dahi Nizaminin büstünü hazırlayan heykəltəraş kimi məhz “Nizami Gəncəvi İli”ndə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunmağım mənim üçün böyük şərəfdir.

Bu sözləri professor Yüen Sikun AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində deyib. Heykəltəraş Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə təltif olunması barədə xəbəri eşidəndə xeyli sevindiyini söyləyib: “Bu mükafata layiq görülməyim mənim üçün qürurvericidir. Təəssüf edirəm ki, indiyədək Prezident İlham Əliyevlə görüşmək imkanım olmayıb. Ümid edirəm ki, nə vaxtsa Azərbaycana səfər edəndə, bu cür yüksək ordenə layiq görüldüyüm üçün Prezident Əliyevə şəxsən təşəkkür edəcəyəm. Mən hətta Çin kalliqrafiya sənəti janrında Azərbaycan Prezidentinin rəsmini də çəkmişəm. Əgər Azərbaycana səfər edə bilsəm, ölkənizi daha yaxından tanımaq, ən əsası isə dahi Nizaminin şəhəri olan Gəncəni görmək istərdim”.

Yüen Sikun Nizaminin büstünü 8 aya hazırlayıb. O, büst üzərində işləyərkən şairin daxili aləmini təqdim etmək üçün onun əsərlərini də mütaliə edib. “Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahidir. Onun poeziyası mənəvi kamilliyi, insanpərvərliyi ilə fərqlənir. Çaoyan parkında yerləşən Cintay İncəsənət Mərkəzinin ərazisində dünyanın müxtəlif xalqlarının tanınmış şəxslərinin büstü var. Onların içərisində Nizami dövrünə görə ən uzaq keçmişdə yaşamış şəxsiyyətdir. Əsərlərini ona görə mütaliə etmək qərarına gəldim, çünki bu, mənə dahi Nizaminin obrazını yaratmaqda ən yaxşı bələdçi olacaqdı. Burada abidələri olan digər görkəmli şəxsiyyətlərlə müqayisədə Nizami Gəncəvinin tərənnüm etdiyi ideyalar təkcə öz xalqına ünvanlanmayıb. Nizami öz əsərləri ilə bütün dünya xalqlarını ədalətə, humanizmə, saf sevgiyə çağırıb. Məhz elə ona görədir ki, Şərq poeziyasının görkəmli nümayəndəsi olan Nizamini bütün dünyada tanıyırlar, oxuyurlar, onun irsini araşdırırlar. Bu parkı ziyarət edənlər dünya ədəbi irsində Nizami Gəncəvi kimi bir dahinin olması barədə məlumat əldə edə bilərlər. Bu işdə mənim də əməyim olduğu üçün çox qürurluyam”, – deyə heykəltəraş bildirib.