Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə 2021-ci ili “Nizami Gəncəvi İli” elan edib.

Azərbaycan Bəstəkarlar İttifaqı “Nizami Gəncəvi İli”nə həsr olunmuş qəzəl-romans müsabiqəsi elan edib.

İttifaqdan bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd böyük bəstəkar, musiqişünas-alim, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” əsərləri ilə təməlini qoyduğu qəzəl-romans janrının ənənələrinin davam və inkişaf etdirilməsi, Nizami Gəncəvinin zəngin yaradıcılığının müasir dövrdə vokal əsərlərdə musiqi və mətnlərin vəhdəti ilə ədəbi-bədii meyarlara cavab verən yeni qəzəl-romansların aşkar edilməsidir.

Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni qəzəl-romanslar təqdim edilməlidir. Təqdim ediləcək əsərlər vokal ilə müxtəlif tərkibli instrumental ansambllar (2-3 alət) üçün nəzərdə tutularaq, 7-10 dəqiqəlik vaxt həcmində olmalıdır.

Müsabiqə iştirakçıları əsərin klavirini PDF formatında (və ya partiturasını) və yüksək formatda yazılmış CD audio versiyasını, romansın mətnini və müəllif haqqında məlumatları (ad, soyad, təhsil, ünvan, telefon) Azərbaycan Bəstəkarlar İttifaqının music0306@mail.ru və azcomposersunion@gmail.com elektron ünvanına təqdim еtməlidirlər. Əsərlər səs və fortepiano ifasında və ya səsyazma şəklində təqdim olunmalıdır. Müsabiqədə peşəkar bəstəkarlar iştirak edə bilərlər.

Müsabiqəyə əsərlər 2021-ci il 15 iyun tarixinədək qəbul ediləcək. Əsərlər Bəstəkarlar İttifaqının müəyyən etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin qalibləri 18 sentyabr – Milli Musiqi Günündə elan ediləcək.

Qaliblər üçün aşağıdakı mükafatlar nəzərdə tutulur:

I yer – 1000 manat

II yer – 700 manat

III yer – 500 manat

Fəxri diplom – 300 manat

Əlaqə telefonları: (012) 598 08 86; (012) 598 08 84.