Özbəkistanda “Nizami Gəncəvi İli”nin rəsmi açılış mərasimi olub

Qüdrətli söz ustadının 880 illiyi münasibətilə elan olunan “Nizami Gəncəvi İli” təkcə onun Vətəni Azərbaycanda deyil, Nizami dühasından nur saçılan dünyanın bir çox yerlərində də qeyd ediləcək.

Nizamidən düz üç yüz il sonra dünyaya gələn, böyük şairə layiqli sələf olan Nəvai diyarı da bu yerlərdən biridir. Yeri gəlmişkən, bu il Özbəkistanda da Əlişir Nəvainin 580 illiyi söz, ədəbiyyat təntənəsi olacaq.

Nəvainin vətənində ulu Nizamiyə dərin hörmət və rəğbət bəslənilir. Daşkənd Dövlət Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması da buna örnəkdir. Yəqin həm də ona görə təsadüfi deyil ki, “Nizami Gəncəvi İli”nin Azərbaycandan kənarda ilk silsilə tədbirləri Özbəkistanda başlayıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən dahi şairə həsr olunan silsilə tədbirlərin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə ölkənin elm, təhsil, mədəniyyət xadimləri, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri, digər universitetlərin alimləri, Özbəkistan Milli Elmlər Akademiyası, Yazıçılar İttifaqı, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri, media mənsubları iştirak ediblər.

Mədəniyyət mərkəzinin foyesində dahi şairə həsr olunan sərgi və kompozisiyanın açılış lenti kəsildikdən sonra iştirakçılara Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə çəkilmiş rəsmlərdən reproduksiyalar, habelə şairin AMM-in layihəsi ilə yenicə özbək dilində çapdan çıxan əsərləri təqdim olunub. Mərkəzin nəzdindəki rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş edilib.

Tədbir çərçivəsində Qarabağın milli qadın və kişi geyimlərinin nümayişi də iştirakçılarda maraq doğurub.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələrinin dahi Nizami Gəncəvinin əsərləri əsasında hazırladıqları bədii kompozisiya təqdim edilib.

AMM-in direktoru Samir Abbasov Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Özbəkistanda da çoxsaylı tədbir və layihənin reallaşdırılacağını qeyd edib. O, Özbəkistan mətbuatında Azərbaycan haqqında elan olunan müsabiqənin bir nominasiyasının “Nizami Gəncəvi Azərbaycan və dünya poeziyasının dahisidir” mövzusunda olduğunu, il ərzində “Nizami Gəncəvinin həyat və yaradıcılığı” mövzusunda türk dünyasının nizamişünas alimlərinin iştirakı ilə Daşkənddə beynəlxalq elmi konfransın, mərkəzi sərgi salonunda Nizaminin əsərlərindən ibarət Özbəkistan, Azərbaycan və Türkiyədə saxlanılan miniatürlərin surətlərindən ibarət sərginin keçiriləcəyini bildirib.

Vurğulanıb ki, Nizami Gəncəvi irsi dünyada geniş təbliğ edilir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və iştirakı ilə Nizaminin 840 illik yubileyi (1981), daha sonra Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə şairin 870 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. S.Abbasov çıxışında Nizami və Nəvai arasında ədəbi bağlılıq, Azərbaycan və özbək xalqlarının dahi şairlərinin dünya mədəniyyətinə verdiyi töhfələr barədə də danışıb.

“Özbəkistan – Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov 2021-ci ilin Azərbaycan və özbək xalqları üçün əlamətdar olduğunu, Nizami Gəncəvinin 880, Əlişir Nəvainin 580 illik yubileylərinin qeyd edildiyini söyləyib. O, hər iki şəxsiyyəti türk dünyasının iftixarı adlandırıb, onların yaradıcılığının gələcək nəsillər tərəfindən öyrənilməsinin vacib olduğunu bildirib. E.Nuriddinov Nizami Gəncəvi irsinin ondan sonrakı şairlərin yaradıcılığına, Azərbaycan-Özbəkistan dostluğuna təsiri barədə də danışıb.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev tədbirə videobağlantı ilə qatılıb. O, nazir Anar Kərimovun iştirakçılara salamlarını çatdırıb, Özbəkistanla əlaqələrə mühüm əhəmiyyət verildiyini söyləyib, Nizami Gəncəvinin bütün türk dünyasının şairi olduğunu qeyd edib.

Elnur Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə çevrilməsini yüksək qiymətləndirərək, böyük şairin irsinin bütün türk və islam dünyası üçün əhəmiyyətini, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını vurğulayıb.

Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini, şair Qayrat Macid, Milli Elmlər Akademiyasının Ədəbiyyat, Dilçilik və Folklor İnstitutunun direktoru, professor Nizaməddin Mahmudov, Biruni adına Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin dosenti Atxambek Alimbekov tədbirdə çıxış ediblər. Onlar Nizami əsərlərinin dəfələrlə özbək dilinə çevirmək cəhdlərinin olduğunu, lakin şairin “Xəmsə”sinin tam olaraq özbək dilinə tərcüməsi və nəşri işinin məhz AMM-in sifarişi ilə Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən həyata keçirildiyini qeyd ediblər. Nizami Gəncəvi yaradıcılığına Özbəkistanda böyük maraq olduğu, Daşkənddə dahi şairə abidə ucaldıldığı, onun adını daşıyan Pedaqoji Universitetin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

Türkoloq alim, BDU-nun professoru Ramiz Əskər videobağlantı ilə tədbirə qoşularaq Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığı, onların ədəbiyyatımıza gətirdiyi töhfələrdən söhbət açıb. O, Şərq dünyasında şeir, poema janrına yeni üslub gətirən Nizaminin “Xəmsə”sinin təkrarsız olduğunu, xalqımızın Nizami kimi böyük şəxsiyyətə malik olmasını xoşbəxtlik kimi səciyyələndirib.

Daha sonra “Nizami Gəncəvi İli” ilə bağlı hazırlanan videomaterial nümayiş etdirilib. Videofilmdə ulu öndər Heydər Əliyevin dahi şairə həsr olunan tədbirlərdə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Nizami Gəncəvinin dünyanın bir sıra şəhərlərində abidələrinin açılış mərasimlərində iştirakı, “Nizami Gəncəvi İli” ilə bağlı planlaşdırılan tədbirlər öz əksini tapıb.

Özbəkistanın tanınmış muğam (makom) ustası, dosent Davron Kadırovun Nizaminin qəzəlləri üstündə ifası iştirakçılar tərəfindən maraqla qarşılanıb.

AMM-in “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.