VI “İstanbul Fellowship Program”ın fəxri qonağı Azərbaycan olub

Martın 9-dan 11-dək İstanbulda 6-cı Beynəlxalq Naşirlər Görüşü keçirilib. Tədbirdə Azərbaycan fəxri qonaq ölkə qismində iştirak edib.

Beynəlxalq İstanbul Təqaüd Proqramı (“İstanbul Fellowship Program”) çərçivəsində ilk belə tədbir 2016-cı ilin martında doqquz ölkənin iştirakı ilə təşkil olunub.  O vaxtdan hər il keçirilən tədbirin məqsədi iştirakçı ölkələrin kitab və ədəbiyyatının təbliğinə, nəşriyyatlarının, yazarlarının tanıdılmasına, işgüzar əlaqələrin qurulmasına zəmin yaratmaqdır.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Anadolu Agentliyinin tərəfdaşlığı ilə hazırlanan, Türkiyə Çap Yayım Məslək Birliyi (TBYM) tərəfindən keçirilən tədbir çərçivəsində bu il ilk dəfə təşkil olunan “Diqqət mərkəzindəki ölkə” bölməsi  Azərbaycana həsr olunub.

Qeyd edək ki, ölkəmiz tədbirdə geniş heyətlə təmsil olunub. Heyətdə Mədəniyyət Nazirliyinin nümayəndəsi Lalə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov, həmçinin “Şərq-Qərb”, “Qanun”, “Hədəf nəşrləri”, “Xan”, “Qədim qala”, “Altun”, “Parlaq imzalar”, “Alatoran”, “Ağıllı bala”, “Üçbucaq”, “Libra” nəşriyyatlarının nümayəndələri və Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşları yer alıb.

Martın 9-da tədbirin açılış mərasimində çıxış edən Türkiyə Elm Yayma Vəqfi Qəyyumlar Şurasının başqanı Bilal Ərdoğan Azərbaycanı proqramın builki “diqqət mərkəzindəki ölkə” olaraq seçilməsi münasibətilə təbrik edib. B.Ərdoğan türk ədəbiyyatının sərhədlərinin genişliyinə diqqət çəkmək üçün ilk olaraq məhz Azərbaycanın seçilməsinin çox doğru seçim olduğunu vurğulayıb.

Ölkəmizin nümayəndə heyəti və Azərbaycanın İstanbuldakı Baş Konsulluğu əməkdaşlarının da qatıldığı mərasimdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Çap Yayım Məslək Birliyi və İstanbul Valiliyinin nümayəndələri çıxış ediblər.

Bildirilib ki, 60 ölkədən 351 naşirin qatıldığı 6-cı Beynəlxalq Naşirlər Görüşünün proqramına çoxsaylı görüşlər, habelə Azərbaycan kitab sənayesi və ədəbiyyatı ilə bağlı müxtəlif tədbirlər daxildir.

Açılış mərasiminin sonunda Elm Yayma Vəqfi Qəyyumlar Şurasının sədri Bilal Ərdoğan tərəfindən Azərbaycan nümayəndə heyətinə plaketlər təqdim edilib.

Tədbirin ilk günündə müxtəlif adda kitabların nümayiş olunduğu Azərbaycan stendinin və görkəmli rəssamlarımızın əsərlərinin fotolarından ibarət sərginin açılışı keçirilib. Azərbaycanın “Qanun” nəşriyyatı türk ədəbiyyatının dilimizə tərcüməsi və təbliğinə görə ilk dəfə təqdim olunan “İstanbul Müəllif Haqları Mükafatı” üzrə II yerə və pul mükafatına layiq görülüb.

Günün sonunda azərbaycanlı musiqiçilər Dərya Məmmədova, Ələddin Hacıyev, Anar Ələkbərli və Hicran Cəfərov sevilən bəstəkar mahnıları ilə qonaqların könlünü oxşayıblar.

Martın 10-da, tədbirin ikinci günündə nümayəndə heyətimizin işgüzar görüşləri keçirilib, əməkdaşlıq əlaqələrinin qurulması və Azərbaycan kitabının tanıdılması işinə töhfə olacaq razılaşmalar əldə edilib.

Görüş çərçivəsində “Azərbaycan ədəbiyyatı və Nizami Gəncəvi” mövzusunda elmi seminar təşkil olunub.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıçın moderatoru olduğu tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov və yazıçı Azad Ağaoğlu dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı aparılan tədqiqat işləri, nəşr olunan kitablar, həmçinin Azərbaycan klassik və müasir dövr romanları haqqında məlumat veriblər.

Həmin gün “Azərbaycan ədəbiyyatı və dünya dillərinə tərcüməsi” və “Gerçək fantastika ilə görüşəndə: Çingiz Abdullayev” mövzusunda sessiyalar da keçirilib.

“Azərbaycan ədəbiyyatı və dünya dillərinə tərcüməsi” adlı sessiyada Azərbaycan ədəbiyyatı haqqında məlumat verilib.

Bu bölümün əsas qonağı olan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzaladığını xatırladıb. Sonra akademik dahi şair Nizami Gəncəvi yaradıcılığı barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər Azərbaycan ədəbiyyatı, Azərbaycan romanlarının tarixi barədə məlumat verib, Q.Səidin dünyaca məşhur “Əli və Nino” romanı haqqında söz açıblar.

“Gerçək fantastika ilə görüşəndə: Çingiz Abdullayev” adlı sessiyanın qonağı Xalq yazıçısı Çingiz Abdullayev olub.  Türkiyənin “April” nəşriyyatının əməkdaşı Nazlı Berivan Ağ yazıçının türk dilində nəşr olunan kitabları haqqında tədbir iştirakçılarına məlumat verib. Xalq yazıçısı Çingiz Abdullayev öz yaradıcılığı və Azərbaycan-Türkiyə ədəbi əlaqələri barədə sualları cavablandırıb.

Beynəlxalq tədbir çərçivəsində həmçinin Bakı Yunus Əmrə İnstitutunun əməkdaşı Nuranə Tağıyevanın moderatorluğu ilə onlayn formatda tanınmış gənc yazarlarımız Aqşin Yenisey, Ramil Əhməd və türk ədəbiyyatı üzrə tədqiqatçı Mehdi Gəncəlinin iştirakı ilə müasir Azərbaycan ədəbiyyatına dair videokonfrans təşkil olunub.

Azərbaycanın fəxri qonaq ölkə kimi qatıldığı VI İstanbul Beynəlxalq Naşirlər Görüşü martın 11-də başa çatıb.