Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami romans” Respublika müsabiqə-festivalı elan edib.

BMA-dan bildirilib ki, layihə istedadlı bəstəkarların üzə çıxarılması, Nizami Gəncəvinin sözlərinə yeni əsərlərin yazılması, gənc bəstəkarların yaradıcı fəaliyyətinin dəstəklənməsi məqsədi daşıyır. Müsabiqə seçim turu (16 iyun 2021-ci il) və final, konsert-mükafatlandırma mərhələsindən (18 iyun 2021-ci il) ibarətdir.

“Nizami romans” Respublika müsabiqə-festivalının bədii rəhbəri BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylidir. Gənc bəstəkarların yazdıqları romansların seçilib dəyərləndirilməsi üçün tanınmış bəstəkar və filoloqlardan ibarət münsiflər heyəti təşkil olunacaq.

Layihənin məqsədlərindən biri də gənc bəstəkarların düşüncə tərzində və yaradıcılığında Nizami poeziyasının təbliği, dərindən öyrənilməsidir. Müsabiqə üçün yazılmış yeni əsərlərdən ibarət “Nizami romans” toplusu nəşr ediləcək.

Müsabiqəyə akademik bəstəkarlıq təhsili alan və ya bəstəkarlıq ixtisası üzrə məzun olan gənclər (18-35 yaş) qatıla bilərlər. Bəstəkarlıq təhsili əsas şərtdir. Təqdim olunan əsərlər heç bir layihədə səslənməməli, müsabiqə üçün xüsusi yazılmalıdır.

Əsərlər mayın 14-dək bəstəkarın tərcümeyi-halı da əlavə olunmaqla PDF formatında nizamicompetition@gmail.com  elektron ünvanına göndərilməlidir.

Qaliblərə pul mükafatı və diplom təqdim olunacaq. Müsabiqə laureatlarının müəllimləri də diplomla təltif olunacaq.

Ətraflı məlumatı BMA-nın saytından əldə etmək olar: www.musicacademy.edu