Tanınmış uşaq yazıçısı Sevinc Nuruqızının “Melisa” nağıl-romanı Türkiyədə keçirilən 9-cu İlesam-Akçağ uşaq ədəbiyyatı müsabiqəsində roman nominasiyasının qalibi olub.

Bir sıra türk ölkələrindən uşaq ədəbiyyatı yazarlarının iştirak etdiyi müsabiqədə birincilik qazanan əsərlər "Akçağ" nəşriyyatı tərəfindən kitab şəklində çap olunub.

Sevinc Nuruqızının “Melisa” nağıl-romanı 9-14 yaş uşaqların mütaliəsi üçün nəzərdə tutulub. Əsərdə balaca oxucular həyat həqiqətlərini əks etdirən, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar xarakterik obrazları, müxtəlif ailələrdə yaşayan həmyaşıdlarının həyatı ilə tanış olur, valideyn himayəsindən məhrum olan uşaqların çətinliklərlə apardığı mübarizəni izləyirlər.

Kitabı Türkiyə türkcəsinə İmdat Avşar çevirib, illüstrasiyaların müəllifi gənc rəssam Tahirə Quliyevadır.

Kitaba müəllifin “Ciya ilə iki gün", "İpəkcənin macəraları" və "Ay, yoxsa yemiş dilimi" əsərləri də daxil edilib.