2016-cı ildə İstanbulda fəaliyyət göstərən Türkiyə-Azərbaycan Vizyon Teatrı iki qardaş ölkə arasında mədəni əlaqələrin genişlənməsinə öz töhfəsini verməyə çalışır.

Bu barədə söhbət açan teatrın meneceri Elşad Haqverdi bildirib ki, 2020-ci ilin Vətən müharibəsində qazandığımız zəfər və Azərbaycan-Türkiyə qardaşlığının bütün dünyaya nümayişi biz sənətçiləri yeni layihələrə ruhlandırır.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan Vizyon Teatrı 2016-cı ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Elçin İmanov və Kəmalə Kamal tərəfindən qurulub. Teatrın quruluşçu rəssamı Tariyel Əlizadə, quruluşçu dizayneri Fateh Hüseyndir. Kollektivin hazırladığı ilk tamaşa Firuz Mustafanın “Maneken” əsəri olub. Daha sonra Xocalı soyqırımından bəhs edən “Adsız qadın” əsərini səhnələşdirilib. Rejissoru Elçin İmanov, ssenari müəllifi Aygün Həsənoğlu olan bu səhnə əsəri İstanbul Böyükşəhər Bələdiyyəsinin səhnəsində və digər yerlərdə oynanılıb və böyük maraqla qarşılanıb.

Teatrda böyüklərlə yanaşı, uşaq üçün də tamaşalar hazırlanır. E.Haqverdi hazırda bir neçə əsərin səhnələşdirilməsi istiqamətində işlərin getdiyini deyib. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” komediyasının məşqləri davam edir. Ədibin 150 illiyi münasibətilə hazırlanan tamaşanın rejissoru Mine Bayrakeri, məsləhətçisi Elçin İmanovdur. Musiqi tərtibatı və geyim Lətafət Rafiqqızına, xoreoqrafiya Rafiz Mehdizadəyə aiddir. Rollarda Bülənt Altay, Kəmalə Cabbarova, Nigar Bahadırqızı və başqaları rol alıb. Tamaşada hadisələr Qarabağda baş verdiyindən oyun Şuşanın tarixi görüntüləri ilə başlayır.

Bundan başqa, gənc rejissor Bircan Çakırın quruluşunda “Tıq-tıq xanım” və başqa uşaq tamaşaları hazırlanır.

Mədəniyyət naziri Anar Kərimovun Türkiyəyə səfəri zamanı martın 3-də İstanbulda azərbaycanlı incəsənət xadimlər ilə keçirdiyi görüşə qatıldıqlarını deyən E.Haqverdi həmin görüşdə teatrın fəaliyyəti və gələcək planları barədə nazirə məlumat verildiyini bildirib.