Türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən təşkil olunan sərginin Türkiyənin şəhərlərində səyyar nümayişi davam edir. Belə tədbirlərdən biri martın 24-də Ankarada, Ostim Texniki Universitetində “Beynəlxalq mədəniyyət günləri” çərçivəsində gerçəkləşib.

Sərginin açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı çıxış edib. “Türk dünyası fotoqraflarının obyektivində əks olunan bu sərgi ilə üzv ölkələrimizin müstəqilliyinin 30-cu ildönümü tədbirlərini davam etdiririk. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə müstəqillik əldə etmiş beş respublikanın tarixi-mədəni irsi və müasir inkişafını əks etdirən fotoların maraqla izlənəcəyinə ümid edirik”, – deyə o bildirib.

Tədbirdə TÜRKSOY-un fəaliyyətindən bəhs edən tanıtım filmi nümayiş etdirilib.

Sonra Elçin Qafarlı və Ostim Texniki Universitetinin rektoru Murat Yülekin iştirakı ilə “Müstəqilliyinin 30-cu ilində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan” adlı fotosərginin rəmzi açılış lenti kəsilib və sərgiyə baxış keçirilib. Universitetin müəllim və tələbə heyəti sərgini ziyarət edib.

Xatırladaq ki, TÜRKSOY-un təşkil etdiyi səyyar fotosərgi bundan öncə İzmir (Seferihisar), Aydın, Dənizli və İsparta şəhərlərində nümayiş olunub.

Mehparə SULTANOVA
Ankara