Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Nizami Gəncəvi İli” çərçivəsində layihələr həyata keçirir.

Kitabxana tərəfindən “Əsrlərin şairi Nizami Gəncəvi” adlı biblioqrafik icmal hazırlanıb. İcmalda dahi şair və mütəfəkkirin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, şairin həm Azərbaycan, həm də rus dilində çap olunmuş kitablarının biblioqrafik təsviri, əsərlərindən parçalar təqdim edilib.

Vəsaitdə həmçinin ədibin iki qəzəli, şeirləri əsasında bəstələnmiş musiqi əsərləri (romans, opera, simfonik əsərlər), virtual kitab sərgisi də əksini tapıb.

Kitabxana Nizamiyə həsr edilmiş və ingilisdilli auditoriya üçün nəzərdə tutulan videoçarx da hazırlayıb. Videoçarxda Nizami Gəncəvinin həyat və yaradıcılığı geniş işıqlandırılıb, mütəfəkkir şair dünyanın ən böyük humanist sənətkarlarından biri kimi yad edilib.

Sözügedən materiallar Respublika Gənclər Kitabxanasının rəsmi saytında və “İnstagram” səhifələrində yerləşdirilərək istifadəçi auditoriyasına təqdim olunub.