İndoneziyanın “Minanews”, “Akurat”, “Gpriority”, “Wartapenanews” saytlarında Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin rəhbəri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynovanın “Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyalar” adlı məqaləsi yayımlanıb.

Məqalədə 2021-ci ildə dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olduğu və bu münasibətlə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyi bildirilir.

Məqalədə dünya poeziyasının günəşi hesab olunan böyük Nizaminin ölməz ideyalarının öz dövrünü xeyli qabaqladığı, “Xəmsə”sinə daxil olan poemaların Şərq poeziyasında yeni səhifə açdığı qeyd olunur. Bildirilir ki, Nizaminin “Xəmsə”si sonrakı ədəbi prosesə ciddi təsir göstərib və bu ədəbi xəzinəyə çoxlu nəzirələr yazılıb.

Nizami Gəncəvi Azərbaycanın Gəncə şəhərində doğulub, burada yaşayıb-yaratmasına baxmayaraq, dahi mütəfəkkir bəşəri problemləri, bu gün də aktuallığını itirməyən məsələləri nəzmə çəkib. Nizaminin poemalarında Azərbaycan, o cümlədən türk dünyasının adət-ənənələrinə, folkloruna, əxlaq anlayışlarına tükənməz sevgisini, məhəbbətini görmək mümkündür.

Məqalədə Nizaminin qadına yüksək qiymət verdiyi, əsərlərində Fitnə, Şirin, Nüşabə, Azadə kimi qəhrəman obrazlar yaratdığı da vurğulanır. Şairin yaradıcılığında keçmişlə gələcəyin vəhdət təşkil etdiyi, onun əsərlərinin dünya poeziyasına öz möhürünü vurduğu da məqalədə diqqətə çatdırılır.