Xəbər verdiyimiz kimi, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev qurumun İcraiyyə Şurasının 211-ci sessiyasının onlayn keçirilən plenar iclasında çıxış edib. Hazırda Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi həyata keçirdiyi üçün Elman Abdullayev onlayn iclasda Qoşulmama Hərəkatı UNESCO qrupunun bəyanatını da  səsləndirib.

Bəyanatda diqqətə çatdırılır ki, Qoşulmama Hərəkatı COVİD-19 pandemiyasının UNESCO-nun fəaliyyət dairələrində mənfi təsirlərinin aradan qaldırılması istiqamətində qurumun səylərini alqışlayır, pandemiya dövründə ölkələrdə təhsil prosesinin davamlılığını təmin etmək üçün UNESCO-nun irəli sürdüyü Qlobal Təhsil Koalisiyasını dəstəkləyir.

Qeyd edilir ki, Qoşulmama Hərəkatı 1954-cü il Haaqa Konvensiyasının və onun protokollarının prinsiplərinə uyğun olaraq, üzv dövlətlərin ərazilərində yerləşən bütün mədəni sərvətlərin qorunması və silahlı qarşıdurma olduğu təqdirdə, işğal edilmiş ərazilərdən mədəni sərvətlərin ixracının qarşısının alınması barədə öhdəliklərini bir daha təsdiqləyir.

Qoşulmama Hərəkatına üzv dövlətlər Mədəni sərvətlərin qorunmasına dair 1970-ci il Konvensiyasının BMT-nin üzv dövlətləri tərəfindən mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və onun tranzitinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında Konvensiyanın müddəalarının yerinə yetirilməməsi problemi ilə əlaqədar ciddi narahatlığını ifadə edir və UNESCO-nu müvafiq Konvensiya və vasitələrə uyğun olaraq oğurlanmış sərvətləri müəyyən etməyə çağırır.

Konvensiyanın iştirakçı dövlətlərinə mədəni sərvətləri qorumaq və hörmət etmək, mədəni sərvətlərə qarşı yönəldilmiş oğurluq, qarət və ya qanunsuz mənimsənilmə, eləcə də mədəni sərvətlərə istiqamətlənmiş bütün vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və lazım gəldikdə son qoymaqla bağlı müddəaları bir daha xatırladılıb.

Qoşulmama Hərəkatı UNESCO-nun üzv dövlətlərini BMT Baş Assambleyasının 73-cü sessiyasında yekdilliklə qəbul edilmiş və 2021-ci ilin “Beynəlxalq Sülh və Etimad İli” elan edilməsinə dair qətnaməni diqqətdə saxlamağa çağırıb.

UNESCO İcraiyyə Şurasının 211-ci sessiyası aprelin 21-dək davam edəcək.