XVIII əsrə aid olan məscidin qalıqları sökülüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir.

Uzunluğu 66 kilometr təşkil edəcək Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Artıq yolun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işlərinə start verilib.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndi ərazisində XVIII əsrə aid olan, işğaldan sonra yarıuçuq vəziyyətdə qalmış məscidin söküldüyü müəyyən edilib.

Yerli əhəmiyyətli memarlıq abidəsi olan məscid Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra heyvanların saxlanıldığı yer kimi istifadə edilərək vandalizmə məruz qalıb.

Qubadlı rayonunun Yusifbəyli kəndində tikinti işləri aparılarkən tikilinin təyinatı barədə İdarələrarası Mərkəzə və aidiyyəti dövlət orqanlarına müraciət edilməyib və dəqiqləşdirmə aparılmadan onun söküntüsü həyata keçirilib.

Məsələ barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə olunub. Dövlətimizin başçısı tərəfindən aidiyyəti strukturlara baş vermiş hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verilib.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və subpodratçı şirkətin yolun tikintisinə məsul olan, ciddi səhlənkarlığa yol vermiş əməkdaşları barədə müvafiq tədbirlər görüləcək.

Əlaqələndirmə Qərargahının rəhbərliyi tərəfindən müvafiq dövlət orqanlarına işğaldan azad olunmuş ərazilərdə mədəniyyət və dini abidələrə nəzarətin daha da gücləndirilməsi, bərpa və yenidənqurma işləri zamanı ərazidəki tikililərin təyinatının aidiyyəti üzrə dəqiqləşdirilməsi ilə bağlı müvafiq göstəriş verilib.