Ötən il koronavirus pandemiyasına görə bir neçə dəfə ertələnən, daha sonra isə keçirilməyən Kann Film Festivalının bu il də aqibəti bəlli deyil. Ənənəvi olaraq həmişə may ayında təşkil olunan festivalın bu il 6-17 iyulda keçirilməsi gözlənilir.

Festivalın peşəkarlar üçün bölümü bir ay təxirə salınıb. Yalnız film sənayesi üçün təşkil edilmiş onlayn görüş iyun ayının sonuna, fiziki görüşlər isə iyul ayında festival çərçivəsində nəzərdə tutulur.

Akkreditə olunmuş film alıcıları üçün ilkin film nümayişi iyunun 21-dən 25-dək planlaşdırılır. Bəzi film satış şirkətləri isə martda Berlində keçirilmiş film bazarından sonra daha uzun müddət keçməsini arzulayıblar. Kann film bazarı peşəkarlar arasında keçirdiyi sorğuya 700 cavab alıb və onlar iyunun sonunda keçiriləcək bazarda iştiraklarını təsdiqləyiblər.

Təşkilatçılar bildirirlər ki, dünyanın müxtəlif ölkələrindən gələn 12 min 500 peşəkarı bir araya gətirən film bazarının kino sənayeçiləri üçün ilin ən böyük görüşü hesab olunur. 2019-cu ildə festivalda  2 768 film satışa çıxarılıb.