“Azərbaycan Dəmir Yolları” QSC 23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar yeni çap olunmuş “Azərbaycan dəmir yolu. Tarixə nəzər” adlı kitabı ali təhsil müəssisələrinə, eləcə də Mədəniyyət Nazirliyinin nəzdində olan kitabxanalara hədiyyə edib.
QSC-dən bildirilib ki, Azərbaycanda dəmir yollarının yaranmasının 140 illik yubileyi münasibətilə hazırlanmış kitab polad magistralımızın tarixini xronoloji ardıcıllıqla, dolğun şəkildə əks etdirən ilk əsərdir.
Kitabda dəmir yollarının Azərbaycan tarixinin ən vacib məqamları, ölkəmizin iqtisadiyyatı, sosial həyatı və mədəniyyətinin inkişafında oynadığı rol işıqlandırılıb. Tarixi araşdırmalarla zəngin kitabda yer almış bir çox fotoşəkil ilk dəfə çap olunub.