Türkiyənin İzmir şəhərində görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletinin onlayn nümayişi (2008-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulmuş yeni quruluşun videoyazısı) keçirilib.

Tamaşanın libretto müəllifi Yana Temiz uzun illərdir İzmirdə yaşayıb fəaliyyət göstərir və bu layihə aprelin 24-də onun təşəbbüsü əsasında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi ilə razılaşdırılmaqla həyata keçirilib.

Onlayn nümayişi izləyənlər arasında İzmirdə fəaliyyət göstərən azərbaycanlı ziyalılar da olub. Onlardan biri – Doqquz Eylül Universitetinin professoru Gülmira Kuruoğlu deyib: “Yeddi gözəl”i Bakıda dəfələrlə izləmişəm. 2019-cu ildə universitetin nümayəndə heyəti ilə birlikdə Bakıda olarkən yenə bu baletə tamaşa etmişdim. O zaman qonaqlar tamaşanın musiqisinə, səhnə tərtibatına heyran olduqlarını bildirmişdilər”.

Onlayn nümayişdən əvvəl tamaşanın quruluşçu baletmeysteri, Estoniyanın Əməkdar artisti, UNESCO yanında Beynəlxalq Rəqs Şurasının üzvü Vasili Medvedyev videoformatda iştirakçıları salamlayıb. Tanınmış xoreoqraf bildirib ki, “Yeddi gözəl” baleti onun  yaradıcılığında xüsusi bir yer tutur, bu tamaşa ona dahi bəstəkar Qara Qarayevin musiqisi ilə çalışmaq və onun qızı, İstanbul Konservatoriyasının professoru Züleyxa Qarayeva-Bağırova, dirijor Elşad Bağırov, rəssamlar Dmitri Çerbadji və Tahir Tahirovla tanışlıq imkanı verib.

Tamaşanın libretto müəllifi Y.Temiz dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında librettosunu yazdığı balet haqqında söhbət açıb, tamaşanın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulması haqqında xatirələrini  bölüşüb.