Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Moskvada Ümumrusiya Uşaq Kitabı Festivalı (“Uşaq kitabı həftəsi”) çərçivəsində keçirilən rəsm müsabiqəsində iştirak edib.

Müsabiqə 1941-1945-ci illər müharibəsinin 75-ci ildönümünə, həmçinin ötən il yubileyləri qeyd edilən yazıçılardan C.Rodari, A.S.Ekzüperi, Mark Tven, P.Yerşov və H.K.Andersenə həsr olunub.

MDB-nin Kitab Yayımı Assosiasiyasının təşkil etdiyi müsabiqəyə 200-dən çox rəsm təqdim edilib və onların arasından 68 ən yaxşı rəsm seçilərək nəşr olunan albomda yer alıb.

Yasamal rayon MKS müsabiqəyə səkkiz rəsm əsəri ilə qatılıb ki, onlardan üçü münsiflər heyəti tərəfindən bəyənilərək nəşr olunan alboma daxil edilib.

Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət gimnaziyasının şagirdi Əminə Hidayətli müsabiqədə III yerə layiq görülüb və diplomla təltif edilib. “Maraqlı-az” incəsənət studiyasının şagirdləri İradə Hacızadə və Anastasiya Bekeşa fəxri fərmanla təltif olunublar. Qaliblərə albom və kitab hədiyyə edilib.