Aprel ayının 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd olunur. Əlamətdar gün 2011-ci ildə UNESCO tərəfindən caz musiqisinin sülh, birlik və insanlar arasında ünsiyyətdə rolunu diqqətə çatdırmaq məqsədilə təsis olunub. Bu təşəbbüs dünya şöhrəti amerikalı caz musiqiçisi, UNESCO-nun xoşməramlı səfiri Herbi Hənkok tərəfindən irəli sürülüb və Beynəlxalq Caz Günü ilk dəfə  2012-ci ildə Parisdə onun iştirakı ilə qeyd edilib.

Beynəlxalq musiqi bayramı münasibətilə müxtəlif ölkələrdə konsertlər, görüşlər, ustad dərsləri, digər tədbirlər keçirilir. Həmçinin UNESCO tərəfindən hər il dünyanın bir şəhəri Beynəlxalq Caz Gününün “ev sahibi” elan olunur. 2021-ci ildə Beynəlxalq Caz Gününün 10 illiyi tamam olur və yubiley ilində musiqi bayramını Cənubi Afrika Respublikasının Keyptaun şəhəri qəbul edir.

Beynəlxalq Caz Günü Azərbaycanda da hər il müxtəlif tədbirlər, konsertlərlə qeyd olunub. Aprelin 30-da Bakıdakı Landmark İş Mərkəzində yerləşən Caz Klubda bu münasibətlə konsert keçirilib. Konsert Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Caz Festivalının komandası tərəfindən təşkil edilib.

Konsertdə paytaxtın tanınmış caz ustaları və aparıcı caz heyətləri çıxış edib. Xalq artisti Salman Qəmbərov, Əməkdar artistlər Vaqif  Əliyev, İsfar Sarabski, Şahin Növrəsli, Ruslan Hüseynov, Rain Sultanov, Pərviz Məmmədov, Tofiq Cabbarov və onun rəhbərlik etdiyi “Bakuba Band” qrupu, gənc ifaçılardan Əfqan Rəsulun triosu, Afşin Əlizadənin kvarteti, Elbəy Məmmədzadənin triosu, Arslan Növrəsli, FolkCaz kvinteti, Nicat Aslanovun kvarteti, Elvin Bəşirov, Tural Rafayel, müğənnilərdən Səbinə Hacıyeva, Elnarə Həsənəli, Diana Hacıyeva, Ülviyyə Rəhimova və başqalarının iştirakı ilə keçən proqram xoş təəssürat yaradıb.