Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması Azərbaycanda dövlət siyasətinin  prioritetlərindəndir. Azərbaycan 2008-ci ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına ilk qoşulan ölkələrdən biri olub.

Respublika Gənclər Kitabxanası kitabxana vasitəsilə informasiyanı əldə etməsi və maariflənməsi işində sağlamlıq məhdudiyyəti olan əlil və fiziki qüsurlu istifadəçilərini də daim diqqət mərkəzində saxlayır. 2021-ci ildə də kitabxana "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa və beynəlxalq konvensiyaların müddəalarına uyğun olaraq əlillərin və fiziki məhdudiyyətli şəxslərin öz hüquqlarına dair ədəbiyyatla tanış olması istiqamətində maarifləndirici tədbirləri davam etdirir.

Kitabxana “Əlilliyi olan şəxslərin hüquqları haqqında” virtual sərgi, “Beynəlxalq əlilliyi olan şəxslər günü” adlı videoçarx, “Əlillərə diqqət və qayğı mənəvi borcumuzdur” başlığı altında ədəbiyyat siyahısı tərtib edib.

Ədəbiyyat siyahısında mövzu üzrə 45 kitab, 2018-2021-ci ildə dövri mətbuatda çıxan məqalələr xronoloji ardıcıllıqla verilib. Ədəbiyyat siyahısına “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun tam mətni də əlavə edilib.

Mövzu üzrə videoçarxda əlilliyi olan şəxslərin hüquqlarını əhatə edən sənədlər, məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyası, onların iştirakı ilə keçirilən tədbirlər haqqında məlumat verilib, fotogörüntülər təqdim edilib.

Materiallar kitabxananın saytında, “İnstaqram” və “Facebook” səhifələrində yerləşdirilib.