Gəncənin qədim Bala Bağman adlanan ərazisində yerləşən, 1982-ci ildə “Nizami” bədii filminin çəkilişləri üçün inşa edilmiş, əhali arasında “Nizaminin evi” kimi tanınan tikili yenidən bərpa olunacaq.

Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın üzvü, “Cavad xan” Tarix Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov bildirib ki, yaxın günlərdə başlayacaq təmir-bərpa işləri ilə bağlı artıq Mədəniyyət Nazirliyi və Mədəni İrsin Qorunması və Bərpası Agentliyi ilə sıx əməkdaşlıq çərçivəsində layihənin ilkin variantı hazırlanır.

“Nizami” bədii filminin bir çox kadrları bu evdə lentə alınıb. Tikili 1984-cü ildə Nizami Gəncəvinin ev-muzeyi statusu alsa da, sonradan baxımsızlıqdan yararsız hala düşüb. Təmir-bərpa işləri zamanı tikilinin tarixiliyini qorumaq üçün Gəncənin qədim tikinti üslubundan da istifadə ediləcək.

Bərpa işləri zamanı Gəncənin keçmiş memarlıq üslubuna xas olan çay daşları və köhnə Gəncə kərpiclərinin sintezindən istifadə ediləcək. Evin xarici görkəminin və həyətinin yenidən qurulması zamanı da qədim memarlıq üslubları nəzərə alınacaq.

İki otaqdan ibarət evin pəncərələrində Nizaminin əsərlərindən miniatürlərin əks olunması nəzərdə tutulub. Əlavə dekorativ elementlər artırılaraq həyətdə milli mədəniyyətimizin əks etdirilməsi üçün sənətkarlıq guşələri yaradılacaq. Həmçinin həyətdə qədim Gəncə məhəllələrinə məxsus tağlı üzüm çardaqları quraşdırılacaq.

Tikilinin gələcəkdə həm mədəni tədbirlərin keçiriləcəyi etnoqrafik məkanlarından biri kimi, həm də şəhərin qonaqları və turistlərin diqqət mərkəzində olacağı bir məkan kimi istifadəsi nəzərdə tutulur. “Nizaminin evi”nin təmir-bərpa işləri “Nizami Gəncəvi İli”nə növbəti töhfə olacaq.