Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında ölkə başçısının sərəncamına uyğun olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da böyük söz ustadına həsr olunmuş layihələr həyata keçirir. Kitabxana Aşıq Ələsgərin həyat və yaradıcılığına dair Azərbaycan, ingilis və rus dillərində hazırladığı videoçarxları istifadəçilərin ixtiyarına verib.

Videomaterialların müxtəlif dillərdə hazırlanmasında əsas məqsəd Aşıq Ələsgər yaradıcılığını daha geniş istifadəçi kütləsi arasında təbliğ etməkdir.

Videoçarxlarda Aşıq Ələsgərin uşaqlıq illəri, aşıq sənəti sahəsində atdığı ilk addımlar, bu sahədə uğur qazanması haqqında məlumat verilib. Sənətkarın zəngin irsi, əsasən qoşma, gəraylı, təcnis və müxəmməslərdən ibarət şeirləri, bu şeirlərin saf məhəbbətin tərənnümünə, el gözəllərinin tərifinə, vətən təbiətinin təsvirinə, əxlaqi-tərbiyəvi fikirlərin təbliğinə və dövrün ictimai eyiblərinin tənqidinə həsr olunması diqqətə çatdırılıb.

Hər üç videoçarx səsli məlumat ilə müşayiət olunur, Aşıq Ələsgərin yaradıcılığından nümunələr, kitablarının görüntüləri təqdim edilir. Aşıq Ələsgərin 150 və 200 illik yubileyi ilə əlaqədar imzalanan sərəncamlar haqqında da məlumat verilir.

Videoçarxlar kitabxananın sosial şəbəkə hesabları ilə yanaşı “Youtube” kanalında da yerləşdirilib:

https://www.youtube.com/watch?v=bsNI41Cn5RQ

https://www.youtube.com/watch?v=IKk9epoS5YE

https://www.youtube.com/watch?v=IB7DJYgk73Q